Füzuliyə Füzulidən danışdım… Jurnalistin düşüncələri

17 Oktyabr 2022 14:28 (UTC+04:00)

Ey böyük Məhəmməd Füzuli, iki il öncə, 17 oktyabrda Azərbaycanın gözü, döyünən ürəyi Füzuli rayonunun bir sıra kəndlərinin və Füzuli şəhərinin işğaldan azad olunması xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdən alanda ilk xəyalıma gələn Sən oldun. Milli Ordumuzun qanı, canı bahasına düşməndən qopardığı əzəli və əbədi yurd yerlərimiz Səni xatırlatdı mənə. Ey torpaq sevgisinin aşiqinə çevrilən, ey Vətən sevgisinin Məcnunu olan, ədalətə, haqqa canını qurban verən, damarlarından axan azərbaycanlı qanının coşğusu ilə döyüş meydanı söz olan şairim... Dünyanın neçə-neçə hökmdarlarını yola salan, əsrlərin müharibələrinə, qələbələrinə şahid, sözü ilə daimyaşar Füzuli... Yadıma sən düşdün. Çünki Sən Füzuli rayonundan da, füzulilərdən də qocamansan... Bu müjdəni ilk olaraq səninlə bölüşmək istədim. Dedim ki:

Gözün aydın, Məhəmməd Füzuli

Gözün aydın! Əsası 1827-ci ildə qoyulmuş, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılan rayonun 1959-cu ildə Sənin-böyük şairimizin 400 illik yubileyi münasibətilə adı dəyişdirilərək Füzuli qoyulan yurd yerimiz düşməndən azad olundu. Qəbrində rahat yat. Su çilənsin məzarına. Qılıncdan iti qələmini süngərə çevirən Azərbaycan əsgəri bir dastan yazdı. Bu dastan “Qarabağ” dastanıdır. Sən də bu dastanın bir boyuna çevrildin. Füzulililər bu gün sevinc içərisindədirlər.1993-cü ildə doğma ev-eşiklərindən erməni köksüzlərinin zoru ilə didərgin düşmüşdülər. Füzulidə doğulan Füzuliyə həsrət qalmışdı. Füzulidə ev-eşik salan, torpağını canından artıq sevən azərbaycanlılar illərdir ki, bu torpağın ətrini burunlarında hiss edirdilər. Gülündən, çiçəyindən, dərəsindən-düzündən ayrı düşmüşdülər. Sənin qəzəllərinin torpaq sevdalılarına, Vətən aşiqlərinə, həsrətlilərinə çevrilmişdilər. 30 il idi ki, dünyanın “ədalətə cavabdehləri” danışır, danışır, danışdıqca da söz həqiqət məhvərindən çıxıb başqa məcralara yönəlirdi.

Gər çox istərsən, Füzuli, izzətin az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

“Əgər sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarini az et, çünki çox danışmaq çox insanı hörmətdən salıb”,- nəsihətini dinləmədi bu “ədalət cavabdehləri”. Söz sözlükdən çıxdı, yalanlara qurban getdi, Füzuli. Hansı ki, sən sözü dünyanın tacı, insanlığın açarı, mənəviyyatın varlığı hesab edirdin:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

“Sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan”,-deyirdin. Sözü yalan olanlar ölümlərindən sonra da xatırlanacaq, şair. Lakin tamamilə başqa cür xatırlanacaqlar: bir xalqın əzəli torpaqlarının işğalına göz yumanlar kimi, minlərlə şəhidin qanında boğulanlar kimi, yüzlərlə dinc sakinin, xüsusilə də uşaqların qanlarına əlləri batmış və sözünü tutmayan, sözünün ağası olmayanlar kimi.

“Qarabağ” dastanının “Füzuli” boyu

Gözün aydın, Füzuli! Xalqın dastan yazdı, tarixi “Qarabağ” dastanını yazdı. Bu ali bir dastandır, çünki şəhid qanı ilə, bir də dövlətimizin rəhbərinin kəsərli sözü ilə yazıldı. Qarabağın əsrlərlə yaşı fonunda 30 illik nisgilin qələbəsi yazıldı. Ali Baş Komandanın böyük Milli Ordumuza əmri, xalqına verdiyi inamla yazıldı bu dastan. Sənin adını daşıyan Füzuli də bu dastanın bir boyuna çevrildi. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik boyu uzanan, mənbəyini Araz hövzəsindən alaraq köksündən axıtdığı Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları ilə gözəlliklər məkanı olan, uğrunda hələ əvvəllər, işğalı zamanı 1000-dən artıq eloğlumuzun şəhid olduğu, 1500-dək sağlamlığını itirmiş insanlar olan Füzuli növrağına qovuşdu. 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabrda Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda Arış kəndi işğaldan azad edildi. 17 oktyabrda isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olundu.

Biz Füzuliyə qayıdırıq

Həyatını Azərbaycan xalqının müstəqilliyinə həsr edən ümummilli liderimizin ardıcılı, qürur mənbəyimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr tarixdə Azərbaycan xalqına müraciətindən: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”.

Bəli, böyük Füzuli, biz Füzuliyə qayıdırıq. Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin, rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsinə, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsinə, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəyə, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsinə, Qarğabazar kəndində, Şah Abbas karvansarayından yuxarı, qayanın üstündə füzulilərin Şah Abbas adlandırdığı məscidə qayıdırıq. Biz tariximizi qorumağa, gələcək nəsillərə ərmağan etməyə qayıdırıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Azadlığı ilə abadlığına qovuşan Füzuli

30 ilə yaxın dövrdə daşı daş üstündə qalmayan yurd yerlərimizdəndir Füzuli. İşğaldan azad olunan bu ata-baba ocağını da digər rayonlarımız kimi abadlıq işləri qoynuna alıb. Qoynuna alıb ki, abadlaşsın, hərtərəfli şərait yaradılsın, soydaşlarımız öz doğma evlərinə tezliklə qayıda bilsinlər.

Şuşanın işğaldan azad olunmasında böyük strateji əhəmiyyətə malik olan Füzuli rayonunda dövlətimizin başçısı ötən il yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının, oktyabrın 17-də-Füzulinin azad olunduğu gün isə Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, həmçinin Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməllərini qoyub.

Ölkə rəhbərinin həmin gün hava limanında görülən işlərlə maraqlanması, Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olması, ilk yaşayış binalarının və Füzuli Memorial Kompleksinin təməlinin və Füzuli şəhərinin təməl daşının qoyulması yaxın gələcəkdə Füzulinin sürətli inkişafını, sakinlərinin yurd yerlərinə tezliklə qayıdacaqlarını şərtləndirən amillərdir.

Füzulidə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı ölkəmizin başçısı demişdir: “Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir”.

Füzuli rayonunun Dövlətyarlı kəndində “ağıllı kənd”in yaradılması nəzərdə tutulub. Prezident İlham Əliyev 2022-ci ilin birinci yarısının yekunları ilə bağlı müşavirədə bu layihə barədə demişdir: “Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq... Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.

Vay оl hakimə kim, eyləyə hökmündə xəta

Böyük Məhəmməd Füzuli, Sən dövründə Məhəmməd adlı paşaya yazdığın qəsidədə hökmdarın ölkəni ədalətlə bəzəməyə bоrclu оlduğundan, ədalətsizlik nəticəsində ölkədə nə kimi fitnə-fəsad törənəcəyindən danışırdın. İki il öncə Sənin bu günlə səsləşən həmin qəsidəsindən bir parçanı Paşinyan nəsihət şəklində qəbul etsəydi, Ermənistanda yaşayan insanları ölümə sürükləməzdi, öz üzərinə qaldırmazdı. Bu nəsihəti dinləsəydi, başqasının torpağından çıxmaq istəməyən, bunun üçün də xalqının qocasını, qadınını müharibəyə cəlb edən, döyüşmək istəməyən əsgərləri zəncirləyən, ölkədən qaçıb canını qurtarmaq istəyən insanları güllələtdirən bu ədalətsiz “rəhbər” ölkəsində hansı vəziyyətin yaranacağını təxmin etmiş olardı. Təxmin edə bilərdi ki, az sonra ağ bayraq qaldırıb təslim olduqlarını bəyan edəcəklər. Təxmin edə bilərdi ki, başqasının olan torpaq müvəqqətidir. Onun sahibi nə vaxtsa geri dönəcək.

Vay оl hakimə kim, eyləyə hökmündə xəta,

Qıla məzlumləri mərhəmətindən məhrum...

Artıq adaşın Füzuli iki ildir ki, 30 ilin nisgilini arxada qoyub, azadlığına qovuşub, Füzuli. Bütün olanları sənə - böyük şairimizə danışmaqda məqsədim isə şad olan ruhunu bir qədər də şad etməkdir. Rahat uyu, böyük şair. Nəinki Füzuli, bütün Qarabağ artıq anası Azərbaycana qovuşub. Sənin kimi minlərlə ruhlar indi şaddır. Çünki biz namus, şərəf məsələmizi həll etmişik, torpaqlarımızı düşməndən geri almışıq. Çox şükürlər olsun!

Mətanət Məmmədova