Broyler toyuqları yoxsa şişirdilmiş canlılar? - AİB SƏDRİ DANIŞDI

17 Oktyabr 2022 12:55 (UTC+04:00)

“Toyuq əti bütün dünyada istehsalçıların qida rasionunun çox mühüm bir hissəsini təşkil edir. Təqribən ət rasionunun 30 faizini toyuq əti tutur. Demək olar ki, qida rasionu toyuq əti olmadan keçinmir. Lakin bütün bu toyuqların hamısını azad şəraitdə böyütmək olmur”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədri qeyd edib ki, Azərbaycanın ən yüksək dağlıq ərazilərində belə saxlanılan kənd toyuqlarına dərmanlar verməsən saxlamaq mümkün olmur: “Yəni hətta o cür ucqar ərazilərdə saxlanılan toyuqlar belə baytarlıq dərmanlarından yan keçmirlər. Broyler toyuqları isə tam nəzarət altında böyüdülür. Belə toyuqları böyütmək üçün mövcud olan hər cürə dərman verilir ki, onlar tez bir şəkildə böyüsünlər. Biz bilir ki, bəzən broyler fabriklərində elə hadisələr baş verir ki, bir gecəyə 1000-2000 min toyuq tələf olur. Özünə hörmət etməyən eyni zamanda əhalini aldatmaqla məşğul olan broyler sahibləri belə hallarda həmin toyuqları təmizləyərək satışa çıxardırlar. Belə toyuqların çəkisi kiçik belə olur. Ona görə alıcılara məsləhət görərdim ki, toyuqların kiçik həcmdə olmasına aldanmasınlar.

Azad İstehlakçılar Birliyinin sədri olaraq heç kimə broyler toyuqlarını məsləhət görmürəm. Lakin istehlakçılar məhkumdurlar ki, bu broylerlərdən istifadə etsinlər. Broyler toyuqlarından həftədə 1-2 dəfə istifadə etmək lazımdır. Xüsusən kiçik yaşlı uşaqlara ardıcıl olaraq broyler toyuqları vermək olmaz. Broyler toyuqlarının tərkibində olan hormonlar, maddələr insanlarda şişkinlik əmələ gətirərək, onları da sanki broyler toyuqları kimi şişirdirlər. Ona görə qeyd etdiyim kimi mümkün qədər az istifadə olunması məsləhət görülür. İstehlakçının hüququ var ki, broyler toyuğu barədə qaynar xəttə zəng edərək istehsalçıdan həmin məhsul barədə məlumat alsın. Broyler toyuqları bəzən kənd toyuqları adı ilə açıq şəkildə satılır. Belə məhsullardan kəskin şəkildə qaçmaq lazımdır. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkənin daxilində satılan bütün malların buraxılma tarixi, son istifadə müddəti və s. məlumatların hər biri qeyd olunmalıdır. Broyler toyuqlarında müəyyən problemlərlə rastlaşdıqda 1003 qaynar xətti ilə Qida Təhlükəsizlik Agentliyinə məlumat verə bilər. Kənd toyuqları tam nəzarətdən kənar şəkildə böyüdülür. Həmin toyuqlar quş qripinə yoluxa bilərlər. Həmçinin bu cür toyuqlar bizim istəmədiyimiz şeylərlə qidalanırlar. Kənd toyuqları da baytar dərmanları olmadan yaşaya bilməz”.