Plastik cərrahlar dünyanın ən gözəl qadınının adını açıqlayıblar

15 Oktyabr 2022 21:14 (UTC+04:00)

İngilis aktrisası, “Yevanı öldürməli” teleserialının və “Sonuncu duel” filminin ulduzu Codi Komer Londondakı Kosmetik və Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri Julian De Silva tərəfindən tərtib edilən reytinqə əsasən dünyanın ən gözəl qadını seçilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 29 yaşlı Codi Komerin nisbətləri idealın 94,52 faizini təşkil edir. Həkim üzün üç seqmentini ölçür: saç düzümündən gözlər arasındakı nahiyəyə, gözlər arasındakı sahədən burnun dibinə qədər və burnun dibindən çənənin altına qədər. Rəqəmlər bərabər olduqda nisbətlər ideal sayılır.

Qeyd edək ki, bundan əvvəl aktrisa Codi Komer Britaniyanın “Vogue” jurnalının üz qabığına çəkilib. Maraqlıdır ki, ulduz iş tapa bilmədiyi səkkiz-doqquz aydan danışıb.

Nazlı Almuradova