Antalyada Avropa çempionatı keçiriləcək - QURUM RƏSMİSİ AÇIQLADI

14 Oktyabr 2022 17:18 (UTC+04:00)

"Bu il pandemiyadan sonra kikboksinq idman növündə də dirçəliş olmağa başladı". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Səbuhi Musayev bildirib.

Qurum rəsmisi qeyd edib ki, 12-15 may tarixlərində İstanbulda keçirilən yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında Dünya Kubokunda (VII Turkish Open) iştirak etdik: "Oradan 13 qızıl, 9 gümüş və 27 bürünc medal qazandıq.Daha sonra 20-22 may tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində (indiki Sərhədçi İdman Mərkəzi) 2 illik fasilədən sonra kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirildi. Burada kikboksinqin "Full contact" versiyası üzrə də ilk dəfə mübarizə getdi. Bu yarışın qalibləri V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil etmək hüququ əldə etdi. Daha sonra 1-3 iyul tarixlərində oğlan və qız yeniyetmə və gənclər arasında XXVI Azərbaycan çempionatı baş tutdu. Burada qalib olanların bəziləri isə yeniyetmə və gənclərin dünya çempionatına vəsiqə qazandılar.

10-15 iyulda ABŞ-ın Birminqem şəhərində keçirilən XI Ümumdünya Oyunlarında dünya çempionumuz Bəhram Rəcəbzadə Azərbaycana yeganə qızıl medalı qazandırdı.

9-18 avqust tarixlərində Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları da Azərbaycan kikboksinqi üçün əlamətdar oldu. Komandamız 15 medal qazandı ki, bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si bürünc medal oldu.

Nəhayət son olaraq bu ay yeniyetmə və gənclərdən ibarət millimiz İtaliyanın Yezolo şəhərində keçirilən dünya çempionatında çıxış etdilər. Azərbaycan millisi ilk dəfə 20 medal (7-si qızıl, 6-sı gümüş və 7-si bürünc) qazanaraq tarixi nəticəyə imza atdı.

Beləliklə, Azərbaycanın kikboksinq millilərinin bu il iştirak etdiyi 4 beynəlxalq turnirdən Azərbaycana gətirdikləri medalların sayı 85-ə çatıb. Bunlardan 24-ü qızıl, 20-si gümüş və 41-i bürünc medaldır.

Qeyd edək ki, Azərbaycanın böyüklər və veteranlardan ibarət millisini 11-20 noyabr tarixlərində Antalyada keçiriləcək Avropa çempionatı gözləyir. Bununla da Azərbaycan kikboksinq millisi 2022-ci ildəki yarış proqramını yekunlaşdıracaq".