
Dünya düzəni daim dəyişməkdə, yeni meyarlar, dəyərlər, prinsplər üzə çıxmaqdadır, amma bununla belə həm insanlar, həm də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını hər zaman qoruyub və yenə də qorumaqdadır. Ölkəmizdə də, Azərbacanda da insan hüquqlarının müdafiəsi və hüquqi dövlət quruculuğu prioritet məsələdir, hansıki bu sahədə davamlı islahatlar aparılır.
Cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olan vətəndaş cəmiyyəti, siyasi, sosial, iqtisadi, mədəni sferalarda könüllü yaranan qeyri-dövlət strukturlarını özündə birləşdirir. Ekspertlərin böyük əksəriyyəti hesab edir ki, vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi deyil, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır.
Müstəqilliyimizin bərpasından bugünümüzə qədər ölkəmiz böyük inkişaf yolu keçib, hansıki bu reallıq bütün dünyada qəbul olunur. Qəbul olunur ki, həqiqətən də Azərbacan dövləti hər bir vətəndaşın qarantına çevrilibdir. Vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Vətəndaşların hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyətindən, nə də hüquqi dövlətdən danışmaq olmaz. Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçib və vətəndaş hüquqlarının, azadlıqlarının keşiyindədir.
Ölkəmizdə artıq çoxdandır ki, siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı və çoxpartiyalı sistem formalaşıb. Azərbaycanda da cəmiyyəti narahat edən problemləri aradan qaldırmaq, ictimai maraqları uzlaşdırmaq, mənəvi tələbatları ödəmək məqsədilə vətəndaşların müxtəlif ictimai birliklər yaratmaq ənənəsi yalnız son dövrlər deyil, tarixən mövcud olub. Məsələ burasındadır ki, tarixin müxtəlif mərhələlərində hələ vətəndaş cəmiyyəti kimi tam formalaşmamış ictimai birliklər müxtəlif siyasi qüvvələrin təsiri altına asanlıqla düşə bilsələr də artıq indi ölkəmizdə mükəmməl şəkildə formalaşmış ictimai birliklər, vətəndaş cəmiyyəti mövcuddur. İndi artıq vətəndaş cəmiyyəti, ictimai birliklər şəxsi maraqlara üstünlük vermirlər və siyasi proseslərdən də kənarda qalmırlar.
Yaxın keçmişə nəzər saldıqda görürük ki, məhz müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Qısa zaman çərçivəsində ölkəmizdə mütərəqqi islahatlar aparılıb və bunun sayəsində də Azərbacanda demokratik və hüquqi dövlət qurulub. Təbii ki, hüquqi dövlət yaradılması fonunda da ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar olunub, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb, hansıki bununla da xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıbdır. Məhz buna əsasən deyə bilərik ki, Azərbaycanın hal-hazırda inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olması da təsadüfi deyil, qeyd etdiyimiz mütərəqqi islahatlar, demokratik cəmiyyət quruculuğu sayəsindədir.
Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının formalaşması prorsesi məhz ötən əsrin sonlarından, daha dəqiq desək, XX əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ulu Öndər hakimiyyətə qayıtdığı zaman ölkəmizdə mövcud olan xaosun, qarışıqlığın, hərcmərcliyin, dərəbəyliyin, qanunsuzluğun qarşısını aldı və ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına, inkişafına imkan yaratdı. Bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Hazırda vətəndaş cəmiyyətinin inkişafına ölkə rəhbəri, cənab Prezident İlham Əliyev xüsusi diqqət ayırır. Təməli Hedər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq milli mənafenin, dövlətçilik maraqlarının üstün tutulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin qayəsini təşkil edir. Azərbaycan Prezidentinin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasətin parlaq nümunəsidir. Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili durduğu günümüzün reallığıdır. Reallıq ondan ibarətdir ki, Azərbacanın dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir.
Müəllif: İnam Hacıyev
6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.