"Müəllim və şagirdlərin davamiyyətinin nəzarət edilməsi üçün 210 məktəbdə barmaq izləri ilə bağlı cihazlar quraşdırılacaq". SİA xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, biz bu proseslə müəllim və şagirdlərin məktəbə gediş-gəlişlərinə nəzarət edəcəyik: "Uşaq musiqi və incəsənət məktəblərində olan digər problemlərdən biri də müəllimlərin təhsil verməyib lakin əmək haqqı alması ilə bağlıdır. Bunu da biz apardığımız islahatlar nəticəsində fərqinə vardıq. Həmçinin müəllimlərin təhsil səviyyələrinin peşəkarlığı ilə bağlıdır. Bununla əlaqədar olaraq nazirlik tərəfindən müəllimlərin işə qəbulu prosesini 2 mərhələli şəkildə həyata keçirdik. Burada birinci mərhələ test, ikinci mərhələ isə qabiliyyət imtahanıdır.
Mədəniyyət nazirliyi bu proseslərdən kənarda dayanır ki, hər hansısa fikir ayrılığı yaranmasın. Buna görə də qeyd etdiyim bu proseslər Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. İki yüzdən artıq müəllimə keçirilən bu imtahanlardan yaxşı nəticə göstərdi. Bunun nəticəsində də həmin müəllimlər təyinatla müəyyən məktəblərdə öz peşəsini icra edir. Biz bununla da uşaq musiqi və incəsənət məktəblərinə peşəkar kadrların gətirilməsinə nail olacayıq. Həmçinin mövcud məktəblərdə fəaliyyət göstərən müəllimlərin atestasiya imtahanları həyata keçiriləcək. Bu imtahanlar da iki mərhələli şəkildə aparılacaq. Atestassiya imtahanının birinci mərhələsi ilin sonuna yekunlaşdırılacaq".