Ankarada Əhməd Cavadın anım günü qeyd edilib - FOTO

14 Oktyabr 2022 00:02 (UTC+04:00)

Ankarada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın anım günü ilə əlaqədar tədbir keçirilib. SİA xəbər verir ki, “Azaflı” sosial yardım və mədəniyyət dərnəyi tərəfindən təşkil olunan mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış simaları, Cavadsevərlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Əhməd Cavad və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Azaflı”nın sədri Arzuman Azaflı açılışdakı çıxışında böyük şair Əhməd Cavadın keçdiyi şərəfli ömür yolundan, nadir üslubda miras qoyduğu poeziya irsindən danışıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, ölkəmizin TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı çıxışlarında Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Əhməd Cavadın həyat və fəaliyyətini nəsillərə örnək kimi dəyərləndiriblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin türk dünyasının birliyi, tarixi şəxsiyyətlərimizin tanınması, ortaq türk bədii ədəbiyyatının və poeziya aləminin yaranması, görkəmli ədiblərimizin əsərlərinin nəşr edilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar barədə məlumatlara geniş yer ayrılıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin bu istiqamətdəki məqsədyönlü siyasətinin davamının nəticəsi olaraq böyük istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalanıb. Bu il ərzində Əhməd Cavad şəxsiyyəti və yaradıcılığının öyrənilməsi və təbliği istiqamətində böyük işlər görülüb.

Çıxışlarda, həmçinin türk dünyasının görkəmli şəxsiyyətlərinin qarşılıqlı tanıdılması məsələlərinə də toxunulub. Vurğulanıb ki, hazırda türk dövlətləri arasında mədəni inteqrasiya dinamik inkişafda olmaqla bərabər bütün dünyaya örnəkdir.

Əhməd Cavad da daxil olmaqla türk dünyasının görkəmli şəxsiyyətləri, o cümlədən tanınmış yazıçı və şairlər ortaq milli sərvətimiz kimi dəyərləndirilib. Qeyd olunub ki, xalq və vətən yolunda xidmətlər heç zaman unudulmur. Əhməd Cavad şəxsiyyətinə göstərilən tükənməz ehtiram bunun bariz nümunəsidir.

Tədbir zəngin bədii proqramla davam edib.