Həyata baxan gözlərimizi necə qorumalıyıq? - ARAŞDIRMA

13 Oktyabr 2022 16:56 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı Ümumdünya Görmə Günü kimi qeyd edilir. Həmin tarix görmə problemi və görmə zəifliyi olanlara ictimai diqqəti yönəltmək, qlobal diqqəti cəlb etmək üçün təqvimə salınıb. Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitaminin çatışmazlığı daxil edilir. Eyni zamanda dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi daha geniş yayılıb.

Bəs, görmə probleminin qarşısını düzgün müayinə və müalicə ilə almaq mümkündürmü? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Ona görə də profilaktik qaydalara vaxtında əməl etməklə ciddi problemlərin qarşısını almaq olar.

Həkimlər nikotinin gözə etdiyi mənfi təsirə görə tütün çəkməkdən imtina etməyi, gözün torlu qişasının damarlarını möhkəmlədən qaragilə, qara qarağat, kök, qaraciyər, göyərti məhsulları yeməyi, televizor qarşısında və elektron oyunlarına sərf olunan vaxtı azaltmağı, kompüter arxasında işləyərkən müasir monitor və keyfiyyətli proqramlardan istifadə olunmasını məsləhət görürlər.

Yayda ultrabənövşəyi şüaların miqdarı qışa nisbətdə üç dəfə artıq olduğu üçün dərini və gözləri gündən qorunmaq vacibdir. Son illər ozon təbəqəsindəki nazikləşmə sözügedən şüaların insan orqanizminə pis təsirini daha da artırır. Mütəxəssislərin dediyinə görə, gözün günəş şüaları ilə birbaşa kontaktda olması katarakta, sarı nöqtə və göz əti kimi xəstəliklərə səbəb olur. Bu da o deməkdir ki, yayda gün altına eynəksiz çıxmaq məsləhət deyil.

Eynək seçərkən nələrə diqqət etməliyik?

Araşdırmalara görə, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən gözlüklər almaq məsləhətdir. Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynadın. Əgər dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir. Eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq lazımdır. Əgər ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq məsləhətdir. Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin də saxta olduğuna əmin ola bilərsiniz. Metro keçidlərindən eynək alarkən bəzən çərçivələri də əyri olur. Eynək alarkən şüşəsində cızıq olub olmamasına fikir verin. Əgər cızıq varsa, almamaq məsləhətdir. Çəhrayı və narıncı rəngdə şüşəsi olan eynəklər almaq məsləhət deyil. Mavi rəngli şüşəsi olan eynəklər isə gözün günəş şüalarını daha çox qəbul etməsinə səbəb olur.

Bəs, hansı xəstəliklər göz xəstəliyinin də yaranmasına səbəb ola bilər?

Şəkərli diabet mənşəli göz xəstəlikləri şəkərli diabetdən əziyyət çəkən xəstələrdə rast gəlinən və gözlərdə yaranan ağırlaşmalardır. Bu ağırlaşmalara diabetik retinopatiya, diabetik makulyar ödem, diabetik katarakta və qlaukoma aiddir.

Zaman keçdikcə diabet xəstələrin gözlərinə zədələyici təsir göstərir ki, bu da görmənin zəifləməsinə, hətta tam itirilməsinə gətirib çıxara bilər. Ancaq şəkərli diabetdən əziyyət çəkən xəstələr bir sıra profilaktik tədbirlərə əməl etməklə baş verə biləcək ağırlaşmaların qarşısını ala bilərlər.

Şəkərli diabet zamanı əməl edilməli olan və bununla da görmənin qorunmasını mümkün edən profilaktik tədirlərə aşağıdakılar aiddir:

Qanda şəkərin və xolesterolun miqdarını, həmçinin qan təzyiqini nəzarətdə saxlamalı;

Siqaret çəkən xəstələr siqareti tərgitməli;

Ən azı ildə 1 dəfə gen bəbəklə göz dibi müayinəsindən keçməli.

Gözləriniz sağlam görünə bilər, ancaq göz dibində baş verən dəyişikliklər barədə məlumat əldə etmək üçün ən azı ildə bir dəfə göz dibi müayinəsi çox vacibdir. Adətən şəkərli diabetlə əlaqədar olan və erkən mərhələdə müşahidə edilən göz dibi dəyişiklikləri görməyə elə də təsir etmir. Ancaq xəstəliyin gələcək inkişafının qarşısını almaq, gələcəkdə baş verə biləcək ağırlaşmalarla müabirizə aparmaq, həmçinin görməni qorumaq üçün erkən müayinə və müalicə çox vacibdir.

Şəkərli diabet zamanı gözlər necə zədələnir?

Şəkərli diabet zamanı qanda şəkərin səviyyəsinin yüksək olması gözlərə zədələyici təsir göstərir.

Qısa müddətli qanda şəkərin miqdarının yüksəlməsi xəstələrin görməsinə elə də təsir etmir. Bəzən xəstələr şəkərli diabetin müalicəsi üçün istifadə etdikləri dərmanların qəbuluna fasilə verdikdə, və ya müalicə planını dəyişdikdə bir neçə günlük və ya bir neçə həftəlik görmələrinin arabir dumanlanmasından şikayət edirlər. Qanda şəkərin miqdarının artması gözün toxumalarında mayenin toplanmasına səbəb ola bilər. Bu cür görmə bulanmaları adətən müvəqqəti olur və qanda şəkərin miqdarı normallaşdıqdan sonra keçib gedir.

Əgər qanda şəkərin miqdarı uzun müddət yüksək səviyyədə qalarsa, bu göz dibində olan damarları zədələyir. Zədələnmiş damarlardan maye sızmağa başlayır. Bununla yanaşı göz dibində zəif divarlara malik yeni damarlar inkişaf etməyə başlayır. Yeni əmələ gələn damarlar çox kövrək olduğundan tez-tez partlayaraq, göz dibində qansızmalara, çapıqlaşmaya və gözdaxili təzyiqin təhlükəli hədlərə qədər yüksəlməsinə səbəb olurlar.

Şəkərli diabet zamanı müşahidə edilən əsas göz xəstəlikləri qan damarları ilə əlaqədar inkişaf edən problemlərlə bağlıdır. Bu xəstəliklər aşağıdakılardır:

Diabetik retinopatiya

Tor qişa göz almasını daxildən örtən işığa həssas hüceyrələrdən təşkil olunmuş qatdır. Tor qişa işıq impulslarını sinir impulslarına çevirərək onları beyinə ötürür və nəticədə biz ətraf mühiti görürük. Tor qişa damarları zədələndikdə toq qişanın qidalanması pozulur və onun toxumasının məhvinə səbəb olur. Bu vəziyyət diabetik retinopatiya adlanır.

Diabetik retinopatiyanın erkən mərhələsində qan damarlarının divarı zəifləyir və tor qişaya maye sızması başlayır. Bu mərhələ qeyri proliferativ diabetik retinopatiya adlanır.

Xəstəlik ağırlaşdıqca bəzi qan damarlarının mənfəzi bağlanmağa başlayır. Nəticədə göz dibini oksigenlə qidalandırmaq üçün yeni qan damarları inkişaf edir. Bu qan damarları tor qişanın üzərini örtür və çox kövrək olduğu üçün tez-tez partlayaraq qansızmalara və bunun da nəticəsində göz dibində ciddi dəyişikliklərə səbəb olurlar. Bu vəziyyət proliferativ diabetik retinopatiya adlanır. Daha ətraflı.

Diabetik makulyar ödem

Tor qişada mərkəzi görməyə (oxumağa, maşın sürməyə, insanların sifətini tanımağa) cavabdeh hissə makula adlanır. Şəkərli diabet zamanı makula nahiyyəsinə maye hoparaq onu şişirtməyə başlayır. Bu vəziyyət makulyar ödem adlanır. Zaman keçdikcə bu vəziyyət görmə itiliyinin azalmasına, görmənin hissəvi, və ya tam itməsinə səbəb olur. Makulyar ödem adətən diabetik retinopatiyanın digər əlamətləri müşahidə olunan xəstələrdə inkişaf edir.

Diabetik katarakta

Göz almasının daxilində, bəbəyin arxasında yerləşən büllur hər iki tərəfi qabarıq linza olub, yaxında və uzaqda olan cisimləri görə bilməmiz üçün ətraf mühitdən gələn işıq şüalarını göz dibinə fokuslayır. Gənc yaşlarda büllur şəffaf olur, ancaq yaşa dolduqca büllur bulanmağa meylli olur və bu vəziyyət katarakta adlanır. Şəkərli diabetdən əziyyət çəkən xəstələr sağlam şəxslərlə müqayisədə daha çox büllurun bulanmasına meylli olurlar. Tədqiqatlara əsasən qanda şəkərin səviyyəsinin yüksək olması büllur kütlələrinin bulanmasını sürətləndirir. Daha ətraflı.

Qlaukoma

Qlaukoma görmə sinirinin zədələnməsinə səbəb olan xəstəlikdir. Görmə siniri sanki göz almasını beyinlə birləşdirən kabeldir. Şəkərli diabet zamanı qlaukomanın inkişaf riski daha yüksəkdir. Qlaukoma vaxtında müalicə olunmadıqda geri dönməz ciddi görmə itkisinə səbəb olur. Daha ətraflı.

Şəkərli diabet mənşəli göz xəstəlikləri nə dərəcədə yayılıb?

Diabetik retinopatiya

40 yaşdan yuxarı şəkərli diabeti olan hər üç xəstədən birində göz dibində diabetik retinopatiyanın əlamətləri müşahidə olunur. Diabetik retinopatiya şəkərli diabeti olan xəstələrdə görmənin itirilməsinə səbəb olan əsas xəstəlikdir. Diabetik retinopatiyanın erkən aşkarlanması və vaxtında malicəyə başlanması 95 % hallarda görmənin tam itirilməsinin qarşısını ala bilər.

Qlaukoma və katarakta

Şəkərli diabeti olan xəstələrdə qlaukoma və kataraktanın yaranma riski sağlam insanlarla müqayisədə iki dəfə daha artıqdır.

Şəkərli diabet mənşəli göz xəstəlikləri daha çox hansı insanlarda rast gəlinir?

Şəkərli diabetdən əziyyət çəkən istənilən şəxsdə göz ağırlaşmaları müşahidə oluna bilər. Aşağıdakı hallarda risk ikiqat artıq olur:

qanda şəkərin səviyyəsi yüksək olan və müalicə olunmayan şəxslər;

yüksək qan təzyiqi olan və müalicə olunmayan şəxslər;

qanda xolestorolun səviyyəsi yüksək olan şəxslər;

siqaret çəkən şəxslər.

Hansı hallarda vaxt itirmədən göz həkiminə müraciət etməliyik?

Əgər görmənizdə qəfil dəyişkilik hiss etsəniz, göz önündə qığılcımlar və ya işıq görsəniz, həmçinin göz önündə üzən qara ləkələrin əvvəlkindən daha çox olduğunu hiss etsəniz vaxt itirmədən göz həkiminə müraciət edin. Göz önündə pərdə hissi, və ya üzən iri ölçülü qara kölgənin yaranmasını görsəz təcili göz həkiminə müraciət etmək lazımdır. Bu tor qişanın qopmasının əlamətləri ola bilər.

Arzu Qurbanlı