Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırılıb

13 Oktyabr 2022 12:40 (UTC+04:00)

Bildiyimiz kimi oktyabrın 11-də Qırğısıztan Respublikasına səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Bişkekdə Azərbaycan və Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında 6 ay əvvəl Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı imzalanan “Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığını qeyd edib. İlham Əliyev bildirib ki, bugün biz bu Bəyannamənin real siyasət sferasında necə həyata keçirildiyinin şahidi oluruq.

Səfər zamanı Azərbaycan və Qırğız respublikalarının paytaxtları Bakı və Bişkek şəhərləri qardaşlaşıb. "Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum"unu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadırov imzalayıblar.

Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı, ümumilikdə orada Azərbaycan, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar. Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır.

Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, hər iki ölkənin prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir. Birgə İnvestisiya Fondunun yaradılması Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə verəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun imzalanması ölkələrimiz arasında iqtisadi – ticari əlaqələri daha da gücləndirəcək. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

Azər Həsənov

Xəzər rayonu, 92 №li tam orta məktəbin direktoru