"Bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsinə çıxır" - BAŞ DİREKTOR MÜAVİNİ ŞƏRH ETDİ

13 Oktyabr 2022 12:13 (UTC+04:00)

"Vahid Media Reyestri yaxın günlərdə işə düşdükdən sonra qanunla müəyyən edilmiş formada jurnalistlərə jurnalist vəsiqələri veriləcək və bu addım media mənsublarının işinin daha peşəkar, daha çevik həyata keçirilməsinə şərait yaradacaq". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, məlum olduğu kimi, jurnalistlərin Media Reyestrində qeydiyyata alınması və onlara vəsiqələrin verilməsi müəyyən şərtlər əsasında tənzimlənəcək: "Nəticə etibarı ilə bu proses jurnalistlər üçün daha böyük üstünlüklər, müəyyən imtiyazlar nəzərdə tutur. Bu, o demək deyil ki, jurnalist vəsiqəsi almayan jurnalistlərin fəaliyyəti bu və ya digər formada məhdudlaşdırılacaq. Vəsiqə almayan media nümayəndələri də sərbəst şəkildə öz fəaliyyətlərini davam etdirəcəklər. Vahid Reyestrin yaradılması, jurnasitlərə vəsiqələrin verilməsi Azərbaycan mətbuatında sistemlilik yaradacaq, indiyədək baş verən bir çox neqativ və xoşagəlməz halların qarşısını alacaq. Bu, olduqca təqdirəlayiq haldır. Çünki uzun illərdir media sektorunda özbaşınalıq, reketlik və digər bu kimi mənfi tendensiyalar hökm sürürdü. Belə hallar cəmiyyətdə jurnalsitlərin nüfuzunun zədələnməsinə, medianın hörmətdən salınmasına səbəb olurdu. Hesab edirəm ki, bundan sonra bu sahədə xeyli dəyişiklik və müsbət irəliləyişlər baş verəcək. Bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsinə çıxır. İstər Media Haqqında yeni Qanunun qəbul edilməsi, istərsə də Media Reyestrinin yaradılması bu inkişafı daha da sürətləndirəcək və mətbuatımız sağlam müsətvidə fəaliyyət göstərəcək. Biz buna tam əminik".