Mədəniyyət Nazirliyi tərəfindən strateji kommunikasiya siyasətinin effektiv şəkildə həyata keçirilməsi məqsədilə təqdim olunan “Kommunikasiya meneceri” layihəsi çərçivəsində Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə iclas keçirilib. Sabirabad Regional Mədəniyyət İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən toplantıda “Kommunikasiya meneceri” layihəsi üzrə Sabirabad Regional Mədəniyyət İdarəsində yaradılmış işçi qrupunun üzvləri və tabe müəssisələrdə sosial media üzrə əlaqələndirici şəxslər iştirak ediblər. İclasda çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə idarənin kommunikasiya meneceri Anar Rəhimliyə və onun rəhbərliyi ilə yaradılmış işçi qrupuna uğurlar arzulayıb, layihənin fəaliyyətinə dair tövsiyələrini verib.
Sonra kommunikasiya meneceri Anar Rəhimli layihənin məqsədləri barədə məlumat verib, eyni zamanda, layihənin ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılmasına, media subyektləri və ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasına xidmət etməsindən söhbət açıb.
İclas qarşılıqlı fikir mübadiləsi ilə davam edib.