“Rusiya-Ukrayna müharibəsi son şiddəti ilə davam edir və baş verən proseslər sanki ilin əvvəlində cərəyan edən hadisələri xatırladır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki, həmin dövrdə də Kiyev başda olmaqla Ukraynanın əsas şəhərləri bombalanırdı: “Eləcə də Krım körpüsündə baş vermiş partlayışdan sonra Ukraynanın Qərb və Şərq hissəsi Rusiyanın raket zərbələrinə tuş gəldi. Rusiya tərəfi öz qəzəbini gizləmir. Qərb dövlətləri də bunu intiqam əlaməti kimi müəyyənləşdirir. Lakin digər tərəfdən G7 ölkələrinin zirvə görüşünün keçirilməsi və eləcə də Qərb koalisiyasının Ukraynaya dəstək verməsi də müşahidə olunmaqdadır.
Ukraynanın prezidenti Vladmir Zelenski də müraciətində həm məyus olduğunu, həm də öz prinsipiallıqlarından geri çəkilməyəcəyini bildirdi. Burada da əsas söz sahibi Amerika Birləşmiş Ştatlarıdır. ABŞ Ukraynaya hərbi yardımlarını davam etdirir. Aydın məsələdir ki, burada Rusiya-Ukrayna müharibəsi yox ABŞ və Rusiya müharibəsi davam edir. Bu əvvəldən də məlum idi. Lakin Rusiya qarşısına qoyduğu hədəflərdən geri çəkilmək niyyətində deyil. Müxtəlif generalların dəyişdirilməsi, hərbi taktikaların tətbiq olunması Rusiya tərəfindən müşahidə olunmaqdadır və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirdikdən sonra qismən səfərbərlik elan edib. Həmçinin daxili-siyasi vəziyyəti qorumaq üçün Rusiya qvardiasiyası da tam hazırlıqlı vəziyyətdədir.
Rusiya tərəfinin əsas ehtiyyat etdiyi məsələ daxildə etdiyi narazılıqlardır və bütün hakimiyyətə qarşı hər hansısa təpkilərin geniş vüsət almasıdır. Məhz bu səbəbdən Rusiya bu amili ciddi dəyərləndirir. Çünki Rusiyanın daxilində də vəziyyəti gərginləşdirmək istəyən qüvvələr var. Ümumillikdə Rusiya-Ukrayna müharibəsi çox geniş məzmun daşıyır. Çox yaxın bir zaman çərivəsində bitəcəyi də gözlənilmir. Həmçinin status məsələsini qoruyub-saxlamaq və proseslərdən qazanclı çıxmaq üçün Putin Zelenskini danışıqlar masasına oturtmağa çalışır. Zelenski də müharibənin əvvəlindən fərqli olaraq danışıqlara gəlmək istəmir və ərazi bütövlüyünün qorunub-saxlanılmasını üstün tutur”.