MEDİA və Mətbuat Şurasının birgə brifinqi keçirilib - YENİLƏNİB - FOTOLAR

12 Oktyabr 2022 15:52 (UTC+04:00)

Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının birgə brifinqi keçirilib. SİA-nın verdiyi məlumata görə, brifinqdə media qurumlarının rəhbərləri və jurnalistlər iştirak edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru bildirib ki, yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq: "MEDİA peşəkarlığın artırılması üçün jurnalistlər üçün təlimlər təşkil edir. İlin sonuna qədər bu təlimlər daha da gücləndiriləcək. Çalışırıq ki, islahatlarımız hər bir sahə üzrə davamlı olsun”.

Tədbir zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, mediada peşəkarlığın artırılması hər birimizin arzusudur: "İctimaiyyət də jurnalistlərin dəyərini bilməlidir: “Cəmiyyətimizdə jurnalist adının qaldırılması istiqamətində çalışmalıyıq”.

Daha sonra isə Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.

Memorandumu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar.

Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması, mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Əməkdaşlıq memorandumu Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.

Daha sonra isə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalistlərin suallarını cavablandırıblar.

Arzu Qurbanlı