Beynəlxalq Qızlar Gününün məqsədi qız və oğlan uşaqları arasında davam edən ayrı-seçkiliyə diqqət cəlb etmək və bunun qarşısını almağa təşviq etməkdir. 2012-ci ildə başlanılan bu hərəkatın ilk devizi "uşaq nikahları" olmuşdur. 2013-ci ilin əsas mövzusu isə BMT tərəfindən "təhsil" kimi müəyyənləşdirilmişdir. BMT ən nüfuzlu beynəlxalq missiya kimi uşaqlara qarşı ayrı-seçkiliyin bariz şəkildə müşahidə edildiyi təhsil, qidalanma, səhiyyə, şiddət vs. bu kimi sahələrdə müvafiq qurumlar və qeyri-hökumət təşkilatlarının səylərini istiqamətləndirərək qız uşaqlarının həyatı üçün fərqlilik yaratmağa təşviq edir. Axı əsas ədalət və bərabərlik qanunları insanların həyatında uşaq yaşlarından başlayır. Bu məqsədlə həyata keçirilən ictimai məlumatlanma, təhsil, xüsusən, qız uşaqları üçün çox əhəmiyyətlidir.
Hazırda dünyada 1,1 milyarddan çox qız var. Ötən hər 10 dəqiqədə bir gənc qız şiddət qurbanı olur. Dünyada 10-19 yaşlı qızların sayı 600 milyondan çoxdur. Ümumiyyətlə, dünyada 700 milyondan çox qız 18 yaşa çatmamış nikaha daxil olub. Demək olar ki, bir çox ölkələrdə cinsi ayrı-seçkilik, qız uşaqlarının təhsil hüququ və səhiyyə xidmətlərindən məhrum edilməsi, erkən və məcburi nikahlar, şiddət, qız uşaqların abort edilməsi problemləri hökm sürür.
SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:
Şəhər sakini Gülyaz Ağayeva: “Qızlarımız çox dəyərləridir. Hətta Qurani-Kərimdə də qızlarımızın bizim üçün dəyərli olduğu vurğulanıb. Qızlarımız bizim gözümüzün nurudur. Biz onlara daim diqqət və qayğı göstərməliyik”.
Şəhər sakini Vaqif Muradov: “Qız ümumiyyətlə çox incə bir varlıqdır. Onlar Allahın bizə bəxş etdiyi bir hədiyyədir. Bu səbəbdən qızlarımız bizim üçün nəinki bu gün hər zaman dəyərlidir”.
Şəhər sakini Şəlalə Rüstəmova: “Qadınlar və qızlar bizim üçün nə qədər dəyərli olsa da çox təəssüflər olsun ki, hələ də dünyanın bəzi bölgələrində qadınlarımız və qızlarımız təcavüzə uğrayır. Çox təəssüflər olsun ki, bununla bağlı beynəlxalq qurumlar həlledici addımlar atmır. Əlbəttə ki, qızlar bizim başımızın tacıdır. Məhz elə bu səbəbdən biz qızlarımızı qorumalı, onlara diqqət və qayğı göstərməliyik”.
Şəhər sakini Nəriman Həsənov: “Qız evin dirəyidir. Oğul nə qədər yaxşı olsa da qızın yerini tutmaz. Həmçinin qızlar atalarına daha çox bağlı olur. Qızlar daha çox qayğıkeş olurlar. Bu gün münasibətilə bütün qızlarımızı təbrik edirəm”.
Şəhər sakini Əminə Quliyeva: “Mənim bir qızım var və mənim üçün çox dəyərlidir. Qız ümumiyyətlə incə varlıqdır. Allah onları bizim başımızın üstündən əskik etməsin. Hər kəsə qız anası və atası olmağı arzulayıram. Çünki onlar Allah tərəfindən bizə bəxş edilən bir möcüzədir”.
Şəhər sakini Samir Quliyev: “Allah hər kəsə qız övladı bəxş etsin. Qızlarımız bizim üçün çox dəyərli varlıqlardır. Onlar bizim fəxrlərimizdir. Bu gün Azərbaycan qızları öz savadına görə seçilirlər”.
Arzu Qurbanlı