Jurnalist vəsiqələri kimlərə şamil olunur? - MEDİA RƏSMİSİ AÇIQLADI

11 Oktyabr 2022 17:11 (UTC+04:00)

Azərbaycanda jurnalist vəsiqəsinin forması, vəsiqənin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Eyni zamanda beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək. Bəs, jurnalist vəsiqələri hansı jurnalistlərə şamil olunur?

Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva SİA-nın sorğusuna cavab olaraq bildirib ki, jurnalist vəsiqəsi jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsə dair məlumatların həqiqətən reyestrə daxil edildiyini təsdiq edən sənəddir və peşəkarlıq meyarı olaraq çıxış etmir: "Jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Əlavə olaraq qeyd edim ki, jurnalist vəsiqəsinin mövcud olması jurnalistin çalışdığı media subyektinə aid vəsiqəni daşımasını məhdudlaşdırmır. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti üç ildir. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti bitdiyi gündən ən gec 3 iş günü müddətində həmin vəsiqəni agentliyə təhvil verməklə yenidən jurnalist vəsiqəsini almaq üçün müraciət etmək hüququna malikdir. Jurnalist vəsiqəsinin əldə edilməsi qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olduğu təqdirdə yalnız əmək müqaviləsi ilə işləyən deyil, eyni zamanda xidmət müqaviləsi ilə fəaliyyət göstərən jurnalistlərin hüququdur”.

Arzu Qurbanlı