"Şəhərimizdə artıq istənilən qədər velosipedçilər var" - FEDERASİYA PREZİDENTİ AÇIQLADI

10 Oktyabr 2022 15:03 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın bütün regionlarında çox gözəl infrastruktur yaradılıb”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri, Azərbaycan Velosiped Federasiyasının Prezidenti Mədət Quliyev bildirib.

Federasiyanın Prezidenti qeyd edib ki, velosiped idmanının inkişafı üçün müəyyən infrastruktur lazımdır: “Çünki velosiped yarışları qapalı bir yerdə yox, məhz yollarda təşkil olur. Azərbaycanın iqlim şəraiti elədir ki, dünyanın bir çox yerindən insanlar ölkəmizə üz tutub qış aylarında belə velosiped idman növü ilə məşğul olmaq istəyirlər. Bizim əsas məqsədimiz velosiped idman növünü regionlarımızda kütləvi şəkildə inkişaf etdirməkdir. Biz istəyirik ki, insanlar velosipeddən tək idman növü kimi yox, nəqliyyat növü kimi də istifadə etsinlər. Bütün bunlarla yanaşı paralel olaraq bir sıra lahiyələr həyata keçiririk. Həmçinin regionlarda dərnəklər yaradılaraq, müəllimlər tapılır və dərslər keçirilir. Məşqçilərlə bağlı müəyyən problemlərimiz olsa da, bu istiqamət üzrə də işlər görülür.

Əminəm ki, gələcəkdə qısa bir zaman çərçivəsində velosiped idman növündə çox böyük nəticələr əldə edəcəyik. Velosiped nəqliyyat vasitəsidir və bu vasitə yolun sağ tərəfindən hərəkət etməlidir. Şəhərimizdə artıq istənilən qədər velosipedçilər var. Velosipedçilərimiz çalışmalıdır ki, avtomobillərə narahatçılıq yaratmadan, onlara icazə verilməyən yolda hərəkət etməsinlər. Velosipeddən istifadə edən insanlar təhlükəsizlik qaydalarına əməl etməlidirlər”.