Yaponiya bu malların Rusiyaya ixracına qadağa qoydu...

7 Oktyabr 2022 04:32 (UTC+04:00)

Rusiya Federasiyasına kimyəvi silah istehsalı ilə bağlı malların tədarükünə qadağa qoyulmasına dair hökumətin sentyabrın 26-da təsdiq edilmiş qərarı ilə əlaqədar tətbiq edilən sanksiyalar cümə günü Yaponiyada qüvvəyə minib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, malların siyahısına xlor, metanol, aseton, etilen və natrium hipoxlorit də daxil olmaqla 73 növ kimyəvi maddə daxil edilib. Bundan əlavə, sentrifuqalar, istilik dəyişdiriciləri və kondensatorlar kimi 16 növ kimyəvi avadanlığın ixracı qadağandır.

Qeyd edək ki, Yaponiya hakimiyyəti əvvəllər Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər kompleksini təsdiqləyib. Rusiya, Belarus, Donetsk və Luqansk Xalq Respublikalarından ümumilikdə 700-dən çox insan, həmçinin 200-dən çox Rusiya və Belarus şirkət və təşkilatları fərdi sanksiyalara məruz qalıb. Bundan başqa, Yaponiya “Otkritie Bank”, “Novikombank”, “Sovcombank”, “VTB”, “Rossiya Bank”, “Promsvyazbank”, “VEB.RF”, “Sberbank” və “Alfa Bank”ın, eləcə də Rusiyanın 40-a yaxın təşkilat və şirkətinin aktivlərini dondurub.

İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısına 400-dən çox adda, o cümlədən yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyi üçün avadanlıqlar, telekommunikasiya avadanlıqları, rabitə avadanlıqları, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft emalı avadanlığı, yük maşınları, özüboşaltıcılar, buldozerlər, dəmir yolu lokomotivləri, dəzgahlar və sənayedə istifadə olunan digər elektrik avadanlıqları var.

Bundan əlavə, Rusiyaya dəbdəbəli malların, o cümlədən dəyəri 6 milyon yendən (təxminən 49 min dollar) çox olan avtomobillərin tədarükünə, habelə Rusiyadan qızıl idxalına qadağa qoyulub.

Ağasəf Babayev