Əmək yarmarkasında 17 müəssisədən 100-dən çox boş iş yeri təklif olunub

6 Oktyabr 2022 22:26 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası Kəngərli rayonunda təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, proqramın icrası çərçivəsində əmək yarmarkalarının təşkili diqqət mərkəzində saxlanılır. Yarmarkalarda işaxtaran vətəndaşlara vakant iş yerləri təklif olunur və müvafiq hallarda göndərişlər verilir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə bu tədbirlər vasitəsilə peşə hazırlığına cəlb olunurlar. Əmək yarmarkalarında həmçinin, vətəndaşların ödənişli ictimai iş yerlərinə, özünüməşğulluq proqramına cəlb olunması üçün da qeydiyyatı aparılır.

Qeyd edək ki, bu əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 17 müəssisədən 107 boş iş yeri təklif edilib. 29 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 7 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.