"Milli Şəhərsalma Forumu Qarabağın bərpası üçün fürsət olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

6 Oktyabr 2022 15:41 (UTC+04:00)

"Bu gün BMT-nin Yaşayış Məskənləri Proqramı yəni, UN-HABITAT və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, həmçinin ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, 44 ölkədən 130-dan çox nümayəndənin qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu Qarabağın bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün sözün əsl mənasında fürsət olacaq: "Bu görüş yeni imkan yaradacağına və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacağına əmin ola bilərik. Azərbaycan Milli Şəhərsalma Forumu ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilməsi də təsadüf deyil".

Deputat sözlərinə belə davam edib: "Cənab Prezident də bu ilin iyul ayında Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edərək bildirmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.

Ümumdünya şəhər formunun Azərbaycanda, xüsusilə, Qarabağda keçirilməsi yerində bir addım ola bilərdi. Çünki Azərbaycanın Qarabağ bölgəsi münaqişədən əziyyət çəkmiş, hətta məhvolma səviyyəsinə çatmışdır. Bu isə birbaşa UN-HABITAT nın məqsəd və məramına uyğundur".

Ayşən Vəli