864 mədəniyyət müəssisəsinin monitorinqi aparılıb - Anar Kərimov

6 Oktyabr 2022 13:14 (UTC+04:00)

Minalar azad edilmiş ərazilərdə arxeologiya işlərinin aparılmasına mane olur. SİA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"30 il ərzində bu ərazilərdə Azərbaycan mədəniyyəti abidələri, mədəni irsi dağıdılıb, onların mənşəyi dəyişdirilib və ya qanunsuz arxeoloji qazıntılar aparılıb ki, bu da beynəlxalq konvensiyalara ziddir. Ərazilərin işğaldan azad edilməsindən sonra burada xarabalıqlar, vandallıq aktları aşkar edilib", - deyə o bildirib.

Nazirin sözlərinə görə, işğal dövründə də Azərbaycanın əlində erməni tərəfinin bu ərazilərdə törətdiyi dağıntıların peyk görüntüləri var idi.

"Aparılmış ilkin monitorinqlər zamanı dövlət reyestrinə salınmış 706 abidədən 403-ü tədqiq edilib. Bundan başqa, 864 mədəniyyət müəssisəsinin monitorinqi aparılıb. Həmçinin, 162 yeni mədəniyyət abidəsi aşkar edilib", - o deyib.

A.Kərimov əlavə edib ki, bu gün nazirliyin əməkdaşları monitorinq apararkən təhlükəli vəziyyətlə əlaqədar hələ də çətinliklərlə üzləşirlər. "İndi prioritet tapşırıq ərazilərin minalardan təmizlənməsi və arxeoloji işlərin təhlükəsizliyinin təmin olunmasıdır", - nazir deyib.