“Sülh müqaviləsinin imzalanması Rusiya üçün də maraqlı olmalıdır” MÜSAHİBƏ

6 Oktyabr 2022 14:16 (UTC+04:00)

Millət vəkili Azər Badamovun “Səs” qəzetinə müsahibəsi

- Azər müəllim, Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə dördlükdə görüş keçiriləcək. Bu görüşdən regionda sülhün təmin olunması baxımından gözləntilər varmı?

- Praqada keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördtərəfli görüş keçiriləcəkdir. 44 günlük Vətən müharibəsindən sonra dördtərəfli görüş formatı birinci dəfədir ki, baş tutur. Bu formatın maraqlı tərəfi də Paşinyan və onun dayağı Emmanuel Makronun bir yerdə iştirak etməsidir. Bundan əvvəl keçirilən üçtərəfli formatlarda məsələlərin razılaşdırılmasında Makron iştirak etmirdi və görüşdən sonra Paşinyan Makronu öz saxta fikirlərinə inandıra bilirdi. İndiki görüş isə hər ikisinin iştirakı bütün məsələlərə yerindəcə aydınlıq gətirilərək reallığı dəyərləndirilməsi baxımından əhəmiyyətli olacaqdır. Azərbaycanın mövqeyi təbii ki, bəllidir. Ədalət, beynəlxalq hüquq və BMT Nizamnaməsinin tələbləri mövqeyimizin əsasını təşkil edir. Ona görə də Prezident İlham Əliyev çox ciddi şəkildə sülh müqaviləsinin bağlanması ilə bağlı məsələlərini ortaya qoyacaq və razılaşdıracağını hesab edirəm.

- Nikol Paşinyan Ermənistan parlamentində çıxışında bəyan etdi ki, o, bütün məsuliyyəti üzərinə götürərək sülh müqaviləsini imzalamağa hazırdır. Necə hesab edirsiniz, Paşinyan bu fikirləri ilə nə dərəcədə səmimidir?

- Paşinyan parlamentdə çıxış edərək ağır qərar qəbul etməli olduğunu və bütün məsuliyyəti üzərinə götürərək sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirməsi cəmiyyətin nəbzinin yoxlamasına hesabladığını düşünürəm. Belə bəyanatları Paşinyan əvvəllər də səsləndirmişdi və açıqlamadan sonra dərhal radikal müxalifətin təpkisi ilə üzləşdiyini müşahidə etmişik. İndi görünən odur ki, erməni ictimaiyyəti sülh müqaviləsinin imzalanması prosesinə yavaş-yavaş uyğunlaşır. Mətbuatda verilən məlumatlara görə noyabrda sülh müqaviləsinin bağlanacağı deyilir. Amma hesab edirəm ki, erməni ilə sülh müqaviləsi bağlamaq heç də rahat məsələ deyil. Paşinyanın fikirlərinin səmimi olduğunun heç vaxt şahidi olmamışıq. Bundan əvvəl də masada razılaşmalar olsa da onların icrası vaxtı gələndə Ermənistanın təxribata əl atdığını və öhdəliklərin icrasından boyun qaçırdığının dəfələrlə şahidi olmuşuq. Ona görə də sülh müqaviləsinin konkret nə vaxt bağlanacağı ilə bağlı fikir demək çətindir.

- Rusiyanın iştirakı olmadan keçirilən bu görüşlər danışıqlar nəticə etibarı ilə rəsmi Moskvanı qıcıqlandıra bilərmi?

- Davam edən Rusiya-Ukrayna müharibəsi Rusiyanın bütün resurslarını bu istiqamətə səfərbər etməsinə məcbur etmişdir. Bu gün Rusiya üçün birinci məsələ Ukraynadakı maraqlarını müdafiə etməkdir. Amma bununla yanaşı, Cənubi Qafqazdakı maraqlar da Rusiya üçün vacibdir. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması və regiona tezliklə sülh və sabitliyin gəlməsi Rusiya üçün də maraqlı olmalıdır. Düzdür, sülh müqaviləsinin imzalanmasında Qərbin iştirakını Rusiya heç vaxt istəmir. Amma reallıqdan qaçmaq da olmaz. Bu günün əsas məsələsi Qafqaz regiona sülhün gəlməsidir və hesab edirəm ki, bu, Rusiyanı qıcıqlandırmaz.