Dağıdılan şəhər və kəndlərimiz bərpa ediləcək, yenidən qurulacaq – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

6 Oktyabr 2022 13:26 (UTC+04:00)

Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyilə Ağdamda keçirilən Milli Şəhərsalma Forumundakı çıxışı nəinki ölkə ictimaiyyəti arasında, eləcə də beynəlxalq aləmdə geniş əks-səda yaradıb. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu çıxışda Azərbaycan həqiqətləri, göz önündə olan reallıqlar, erməni təcavüzkarlarının xalqımıza qarşı və bu işğalçılıq siyasəti nəticəsində şəhər və kəndlərimizin viran edilməsi, insanlarımızın qətlə yetirilməsi aydın faktlarla dilə gətirilib.

“Ölkə rəhbəri bildirib: "Bir zamanlar həyat dolu olan şəhərlərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıbdır. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Burada - Ağdamda gördüklərimizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz”. Cənab Prezident İlham Əliyevin qeyd etdikləri erməni vandallarının vəhşiliyini, çirkin, insanlığa zidd əməllərini dünyaya çatdırmaq üçün daha bir sübutdur. Ancaq bu dəlillər, faktlar illər boyu səsləndirilsə də, Azərbaycan rəhbəri ən mötəbər tribunalardan erməni təcavüzünün bəlalarını dünyaya yaysa da, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bu faktlara, faciələrə göz yumublar. Nəticədə Azərbaycan silaha əl atmalı, düşməni susdurmalı, təcavüzkarın başını özü əzməli olub.

Dövlət başçısının dediyi kimi: “Bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnaməsini icra edib. BMT Nizamnaməsi, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə etmək bizim milli ləyaqətimizi bərpa edib”. Əlbəttə, bu ifadələr qürurvericidir. Bəli Azərbaycan ordusu və xalqı Ali Baş Komandanın əmri ilə səfərbər olaraq, birlik və həmrəylik nümayiş etdirərək az bir müddətdə - 44 gün ərzində öz torpaqlarını azğın düşməndən təmizləyib və bu gün həmin ərazilərdə möhtəşəm tikinti, abadlıq, təmir-bərpa işləri həyata keçirilir. Azərbaycan Prezidentinin bu ayın 4 - də Ağdama səfəri zaman bir neçə kəndin, müəssisənin təməlqoyma, eləcə də açılış mərasimlərində iştirak etməsi, yol və kommunikasiya sisteminin qurulması ilə əlaqədar görülən işlərlə yaxından tanış olması və yeni layihələrin həyata keçirilməsi üçün tapşırıqlar verməsi bunun əyani nümunəsidir.

Nəinki Ağdamda, işğaldan azad olunmuş torpaqlarımızda həyat yenidən canlanır. Şuşada, Füzulidə, Zəngilanda, Laçında və digər rayonlarda həyata keçirilən mühüm layihələr deməyə əsas verir ki, az bir müddətdə dağıdılan şəhər və kəndlərimiz bərpa olunacaq, sakinlər öz doğma yurd-yuvalarına qayıdacaqlar. Milli Şəhərsalma Forumunun keçirilməsi də məhz bu məqsədə xidmət edir”, deyə Tahir Rzayev bildirib.