"Bu tip kütləvi məzarlıqlar bundan sonra da aşkar ediləcək" - POLİTOLOQ ŞƏRH ETDİ

6 Oktyabr 2022 12:41 (UTC+04:00)

"Çox təəssüf ki, Edilli kəndində tapılan və özündə erməni vandalizmini, erməni faşizmini, barbarlığı, insanlıq əleyhinə cinayətləri ehtiva edən kütləvi məzarlıq nə ilk, nə də son məzalıq deyil. Qeyd edim ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Birinci Qarabağ savaşında 4000 insanımızın, hərbçi və mülki vətəndaşlarımızın itkin düşməsi və teliyinin hələ də bilinməməsi isə bu tip kütləvi məzarlıqların bundan sonra da aşkar ediləcəyini deməyə əsas verir: "Araşdırmalar sübut edib ki, Edilli kəndindəki kütləvi məzarlıqda aşkar edilən cəsədlər işgəncələrə məruz qalmış, öldürülmüş əsgərlərimizin cəsədləridir və bu kənddən Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib.
Təbii ki, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, kütləvi məzarlıqlarla bağlı faktların, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması zəruridir və qeyd etmək lazımdır ki, bu istiqamətdə yetərli olmasa da, müəyyən işlər görülüb. Buna misal olaraq “Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş müharibə cinayətləri və Ermənistanın məsuliyyəti haqqında hesabat”ı, “Beynəlxalq insan haqları hüququ və beynəlxalq humanitar hüququn Ermənistan tərəfindən pozuntularına dair” sənədlərin hazırlanmasını, eləcə də “Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair məlumat bazası”nın yaradılmasını və ya elə bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkməsi kimi tədbirləri və s. göstərmək olar. Adını çəkdiyim sənədlərdə və eləcə də məlumat bazasında Ermənistan tərəfindən həyata keçirilmiş müharibə cinayətləri ilə bağlı geniş və ətraflı məlumatlar mövcuddur.
Düşünürəm ki, bu məlumatların mütəmadi olaraq beynəlxalq təşkilatların nəzərinə çatdırılması ilə yanaşı, ayrı-ayrı dövlətlərdə bununla bağlı müxtəlif səviyyəli tədbirlərin, konfrans və seminarların keçirilməsi də vacibdir.
Amma mən bu məsələnin təkcə müvafiq dövlət qurumlarımızın və ya diaspor təşkilatlarımızın üzərinə qoyulmasını düzgün yanaşma hesab etmirəm. Dünyanın hansı ölkəsində bu qədər vəhşilik və qətllər törədilsəydi beynəlxalq aləm buna susmazdı, onları mühakimə edərdilər. Amma söhbət bizim insanımızın qətl edilməsinə, bizə qarşı vandalizm aktlarına gəldikdə isə dünya nədənsə kor, kar və lal olur. Odur ki, Ermənistanın təcavüzkar mövqeyi və bu gün də davam cinayətləri ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər birimizdən konkret fəaliyyət tələb olunur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə çıxışı olan elm adamlarımız, ziyalılarımızdan tutmuş, beynəlxaq əlaqələrə malik siyasi partiyalar, beynəlxalq koalisiyalarda təmsil olunan QHT-lər, xaricdə təhsil alan tələbələrə qədər hər kəs bu işdə fəal olmalıdır. Və ən əsası da bu fəaliyyət epizoduk xarakter daşımamalı, davamlı olaraq həyata keçirilməlidir.
Çalışmalıyıq ki, bütün dünya istər birinci Qarabağ savaşında istərsə də 44 günlük Vətən müharibəsi dövründə ermənilərin törətdiyi soyqırım və hərbi cinayətlərlə bağlı həqiqətləri bilsin. Hərbçi və mülki əhalimizin işgəncələrə məruz qalaraq öldürülməsi, eləcə də erməni qoşunlarının münaqişə zonasından uzaqda olan mülki obyektləri hədəfə alması, 2020-ci il oktyabrın 11-i və 17-si Gəncədə, 29-u isə Bərdədə törədilmiş cinayətləri, ümumilikdə 27 Sentyabr - 29 Oktyabr tarixləri arasında baş vermiş cinayətlər nəticəsində uşaq, qadın, yaşlı olmaqla 90 dinc sakinimizin həyatını itirməsini, 392 mülki vətəndaşımızın yaralanmasını, eləcə də müharibəni başa çatmasından sonra ermənilər tərəfindən basdırılmış minalara görə 247 insanımızın həlak olması və ya ağır yaralanması haqqında ətraflı bilgiyə sahib olsun.
Tapılan kütləvi məzarlıqlar Azərbaycana həmin dövrdə Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bağlı cinayət işlərinin başlanmasına və beynəlxalq məhkəmələrə müraciət etmək hüququ verir. Rəsmi qurumlarımızı bu hüquqdan istifadə etməli və beynəlxalq hüquqa görə müharibə cinayəti hesab edilən bu əməllərə görə Ermənistanla bağlı müvafiq qərarların qəbul olunmasına nail olmalıdır".