Xarici Universitetlərin diplomu necə təsdiqlənir? - MÜSAHİBƏ

6 Oktyabr 2022 12:02 (UTC+04:00)

SİA Təhsil eksperti Kamran Əsədovun müsahibəsini təqdim edir.

- Niyə abituriyentlər oxumaq üçün xaricə üz tuturlar?

- Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi (individual) qrafik üzrə təhsil almağa üz tuturlar. Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından stifadə edərək onları bu formada təhsil almağa yönəldirlər.

- Xaricdə təhsil aldıqdan sonra Azərbaycana qayıdan tələbələr diplom tanınması üçün nə etməlidirlər?

- Bəli, həmin universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsilalma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Həmin şirkətlər valideyn və abituriyentə Təhsil Nazirliyi tərəfindən təhsil aldığı universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Amma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsilalma formasının da tanınması demək deyil.

Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsilalma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr ərzində olmalıdırlar.

Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur.

- Niyə bir çox xarici universitetlərin diplomu Azərbaycanda tanınmır?

- Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Hansı ki, tələbələr lazımi araşdırma və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf etmiş olurlar və Azərbaycanda tanınmayan və keçərsiz olan diplom əldə edirlər. Nəticə etibarilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinə əsasən, diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər:

1. Əgər tələbə ali təhsil müəssisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin olmaq üçün Təhsil Nazirliyi tələbənin xarici pasportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir və bununla da, nazirlik bilmək istəyir ki, tələbə həqiqətən təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib, yoxsa keçirməyibmi?! Buna görə də tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar.

2. Təhsilin məzmunu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni sizin burada hər hansı bir dil sertifikatınızın olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq üçün sizin İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox köməklik edəcəkdir.

3. Ən əsas göstəricilərdən biri isə odur ki, əgər sizin əyani və ya qiyabi təhsil aldığınız ixtisas Azərbaycanda yalnız əyani formada tədris olunursa, bu halda diplom tanınmır. Buna görə də tələbə xarici təhsil üçün seçdiyi ixtisasın Azərbaycanda hansı formalarda tədris olunduğuna diqqət etməlidir.

- Xaricdə təhsil almaq istəyən vətəndaçlar diplomların tanınması prosesində nələrə diqqət etməlidir?

1. Diplomunuzun tanınma müddəti minumum 6 ay və maksimum 2 il ərzində həyata keçirilir. Bu prosedur uzun müddətli həyata keçirildiyindən dolayı tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

2. Əgər siz xaricdə qiyabi təhsil almısınızsa, xüsusilə də, Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlisiniz ki, hər 2 smestr, yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz 30 günü keçməsin.

3. Bu prosedur zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gəlir. Məsələn, “Sənədlərinizin Ali təhsil müəssisəsinə göndərildi..” , “Ali təhsil müəssisəsindən sənədlərinizə cavab gəldi..” və s. bu kimi mesajlar alacaqsınız.

4. Təhsil aldığınız ali təhsil müəssisəsinin Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə aid edilir. Sizin diplomunuzun tanınması proseduruna təqdim etdiyiniz sənədlər universitetə göndərildikdə Agentlik araşdırma edib ona uyğun olaraq müsbət və ya mənfi cavab verir. Bundan əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin Agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa Agentlik sizin diplomunzu tanımayacaqdır.

- Xarici diplomu təsdiqlətmək üçün nə etməliyik?

- Xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Təhsil Nazirliyi, nə də TKTA tərəfindən müəyyənləşdirilməmişdir. Yəni, tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilərsiniz. Universitetin akkreditə olunması diplomun tanınması demək deyil. Keçək, ikinci əsas hesab olunan şərtə.

İxtisasların ekvivalentliyi deyəndə onun Azərbaycanda keçirilən ixtisaslarla bərabər, yəni eyni olması kimi başa düşülməlidir. Yəni, tələbə, hansısa bir xarici və öz ölkəsi tərəfindən tanınan universitetdə (hətta reytinqli olsa belə) istənilən ixtisasda təhsil ala bilməz. Tələbə magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına uyğun olaraq qanunla müəyyənləşmiş magistratura ixtisaslarından birini seçmək hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının qanunla müəyyənləşmiş qaydada düzgün seçilməsi önəmlidir. Çünki tələbə xarici universitetdə bakalavr ya magistratura təhsili alıb, Azərbaycana qayıtdıqdan ona diplom tanınması barədə veriləcək şəhadətnamədə qeyd olunur ki, xaricdə aldığı təhsil Azərbaycanda tədris olunan hansı ixtisasa bərabərdir, vəssalam.

Bizim Təhsil Nazirliyimiz və ya TKTA universitet siyahısını verməsə də, istinad edə biləcəyəmiz müəyyən mənbələr var ki, burada universitetlərin təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilirik. Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Dolayısı ilə, tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu, o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var.

TKTA diplomların tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin müvafiq qurumuna müraciət olunur. Bunun məqsədi odur ki, TKTA tələbənin təhsil aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir. Çalışmaq lazımdır ki, üzrlü səbəblər istisna olmaqla, tələbə daha çox zamanını təhsil aldığı ölkədə keçirsin.

Digər və ən önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt eşidilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) QAYDALARI”-nın 3.7-ci bəndinə əsasən diplomlarının tanınmasında mənfi rəy bir neçə hallarda verilə bilər. Əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir.

Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaqdır.