Cəbrayıl şəhəri yeni inkişaf dövrünü yaşıyır

6 Oktyabr 2022 11:50 (UTC+04:00)

Məlum olduğu kimi, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib. Rayon ərazisində olan 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Azərbaycan Ordusunun sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin 8- ci günündə aparılan uğurlu döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri erməni işğalından azad edilib. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.Onu da qeyd edək ki, Cəbrayıl şəhəri İşğaldan azad olan ilk şəhər kimi tarixə düşdü. Cəbrayıl şəhərinin ilk olaraq azad edilməsinin olduqca mühüm əhəmiyyəti vardı. Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və olduqca strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Eyni zamanda, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl işğaldan azad olunmasından qısa müddət keçməyinə baxmayaraq, rayonda çoxsaylı bərpa və quruculuq işləri görülmüş, bu işlər bu gün də sürətlə davam etməkdədir.

Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad olunmasından sonra ümumilikdə rayona 4 dəfə səfər etmiş və səfərləri zamanı rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma mərasimlərində, eyni zamanda, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissələrin və “Cəbrayıl” yarımstansiyanın açılışlarında iştirak etmişdir.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu gün Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və görülən işlərə Dövlət başçımızın şəxsən nəzarət etməsi, onu deməyə əsas verir ki, tezliklə işğaldan azad edilən ərazilərimiz cənnətə çevriləcək.

Çingiz İbrahimov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı