İşçilər sevgi münasibəti yaşaya bilər? - VƏKİL AÇIQLADI

6 Oktyabr 2022 11:32 (UTC+04:00)

“Həyatda heç nədən tam sığortalanmadığımız kimi, iş yerində sevgi də baş verəcəklər arasında istisna deyil. Bəzən bu kimi hallar rəhbərlik tərəfindən arzu olunmasa da yaşanır. Hətta bəzi işəgötürənlər tərəfindən bu, qəti şəkildə qəbul edilmir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, hüquqi müstəvidə "iş romantikası" qanunazidd bir şey deyil: “Qanunla qadağan olunmayan hər şeyə icazə var prinsipi”ni rəhbər tutsaq və hər kəsin şəxsi və ailə həyatının toxunulmazlıq hüququ olduğunu nəzərə alsaq, iş yerində kiməsə aşiq olmaq əmək intizamına cəlb olunmaq və işdən çıxarılmaq (qovulmaq) üçün əsas deyil.

Lakin işdə hər hansı iş yoldaşına sevgi bəsləmək yerinə yetirilən işin, əmək və icra intizamının normal ahəngini, digər işçilərin hüquq və qanunla qorunan mənafelərini pozmamalıdır”.

Turan Abdullazadə sözlərinə belə davam edib: “Bundan əlavə hər bir “oturuşmuş” iş müəssisəsinin etik-estetik davranış, nizam-intizam qaydaları var. Bu normativlərə uyğun olaraq, işçilər arasında sevgi münasibətləri qadağan edilə bilər. Azərbaycan Respublikası qanunvericiliyində isə iş yerində münasibətləri qadağan edən norma mövcud deyil. Lakin bunu da vətəndaşlar bilməlidir ki, bəzi dövlət və hərbi xidmət sahələrində yaxın qohum, ər-arvad ikisi də eyni zamanda, həmin yerə işə qəbul edilmir. Çünki tabeçilik və subordinasiya tələb edən həmin işlərdə qohumluq münasibətləri xidməti vəzifələrin icrasında ciddi əngəllər yarada bilər.Təbii ki, işdə münasibət görülən işə mənfi təsir edirsə, işəgötürənin bununla bağlı tələb tədbir görmək, müvafiq ölçü götürmək hüququ var.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin "b" bəndinə əsasən, işçi əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək qaydaları pozarsa işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Ancaq iş yerində münasibət heç bir halda işin keyfiyyətinə, əmək və icra intizamının normal ahənginə mane olmursa, bu səbəbdən dolayı işdən çıxarılma qanunsuz və əsassızdır. Belə hallarla qarşılaşanlar qanunsuz əmrin ləğvi və işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət edə bilərlər.

Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır”.

Ayşən Vəli