Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir

6 Oktyabr 2022 11:12 (UTC+04:00)

Azərbaycan Respublikası çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malik ölkədir. Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Respublika ərazisinin 70 %-i neft-qaz ehtiyatlarına malikdir. Xəzərin şelfi, Abşeron yarımadası, Qobustan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir. Azərbaycanda olan qaz ehtiyatları Avropanın ümumi qaz ehtiyatlarının 75 %-dən çoxuna bərabərdir. Buna görə də, Avropanın Azərbaycan qazının təchizatına çıxış əldə etməsi mühüm əhəmiyyət daşıyırdı və bu gün "Şahdəniz" həmin təchizat həcmlərinin əsas mənbələrindən biridir. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının böyük hissəsi Xəzər dənizində yerləşən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür. "Şahdəniz" layihəsi xarici şirkətlərlə birlikdə həyata keçirilir.Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi haqqında dedi ki, o, Avropanın enerji xəritəsini dəyişəcək, Azərbaycan və region ölkələri üçün əlavə imkanlar açacaq. Avropa İttifaqının rəsmiləri də daim bildirirlər ki, Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri də bu qəbildən olan səfərlərə aid idi. Enerji təhlükəsizliyi məsələləri, xam neftin dünya və Avropa bazarlarına ixracı və digər gündəmə uyğun məsələlərin həlli istiqamətində bir sıra müzakirələr aparıldı.

Sentyabrın 30-da dövlət başçısı İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı bu ölkənin Prezidenti ilə keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüş zamanı vurğuladı: Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.

Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. Azərbaycan ilə Bolqarıstan arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə yüksəlmişdir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir ki, onlardan biri də Bolqarıstandır. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artıb.Bütün bu qeyd olunanlar göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu enerji strategiyası nəticəsində Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan energi potensialına malik bir ölkə sayılır və bu potensial Azərbaycanın daha sürətlə inkişaf etməsinə, qarşıda duran bütün vəzifələrin uğurla həyata keçirilməsinə şərait yaradacaqdır.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri