Serbiya polisi sərhəddə 200 miqrantı saxlayıb

6 Oktyabr 2022 07:35 (UTC+04:00)

Serbiyanın xüsusi polis qüvvələri Macarıstan sərhədində keçirilən əməliyyatda 200 miqrantı saxlayıb.
SİA xəbər verir ki, Macarıstanla sərhəddə Srpski Krstur bölgəsindəki əməliyyatda 200 miqrantla yanaşı, müxtəlif silahlar və pul vəsaiti ələ keçirilib.

Saxlanılan miqrantların bəziləri dövlət tərəfindən inşa edilən düşərgələrə aparılıb. Qalanları isə insan, silah və narkotik alveri, eləcə də zorakılıq cinayətlərinə görə saxlanılıblar.

Əməliyyatın Serbiya, Macarıstan və Avstriya arasında Avropaya artan miqrant axınının qarşısını almaq üçün əldə edilən razılaşma çərçivəsində həyata keçirildiyi bildirilib.

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib ki, Serbiya heç vaxt cinayətkarların gəlib qaldığı ölkə olmayacaq və insanların kədərlərinə görə pul qazanılmasına icazə verilməyəcək.

Qeyd edək ki, hazırda yüzlərlə miqrant Serbiyanın Macarıstanla sərhədindəki müvəqqəti düşərgələrdə qalır.