Ağdaşda şəhidin ildönümü mərasimi keçirilib - FOTOLAR

5 Oktyabr 2022 18:01 (UTC+04:00)

5 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Xosrov kəndində Vətən müharibəsi şəhidi Vəliyev Sadiq Ayaz oğlunun şəhadətinin ikinci ildönümü ilə bağlı mərasimlər keçirilib. SİA xəbər verir ki, Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və partiya fəalları, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin əməkdaşları şəhidin ailəsinin yaşadığı evdə olmuş, şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, valideyinlərinə başsağlığı verilib.

Sonra Xosrov kənd şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlər bulağı kompleksinin önündə anım tədbiri keçirilib. Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının fəallarının, Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələrinin, şəhid ailələrinin üzvlərinin, qazilərin, müharibə iştirakçılarının, Xosrov kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsindən, bu döyüşlərdə şəhid olan ağdaşlılardan, onların keçdiyi döyüş yolundan söhbət açmış, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini bildiriblər. Xosrov kənd tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş olunub. Daha sonra Xosrov kənd qəbiristanlığında Sadiq Vəliyevin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Vəliyev Sadiq Ayaz oğlu 21 fevral 2001-ci ildə Ağdaş rayonunun Xosrov kəndində anadan olub. Xüsusi təyinatlı hərbçimiz Sadiq Vəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib, oktyabrın 5-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.