Rusiya səfiri Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb...

5 Oktyabr 2022 17:58 (UTC+04:00)

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukrayna səfiri Petr Vrublevskinin Astanaya qayıtması ilə bağlı sözlərinə görə ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Zaxarova bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi ukraynalı səfirin ruslarla bağlı sözlərindən sonra onun “diplomatik nümayəndəliyin rəhbəri kimi diplomatik qəbullarda iştirakını davam etdirməsi”ndən qəzəblənib. Zaxarovanın sözlərinə görə, Astana Vrublevskinin ölkəni tərk edəcəyi ilə bağlı söz verib, amma yerinə yetirmir. Rus səlahiyyətli həmçinin iddia edib ki, Vrublevskinin sözləri Qazaxıstan Cinayət Məcəlləsinin maddəsini pozur.

Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aibek Smadiyarov Zaxarovanın bəyanatlarını “Qazaxıstan və Rusiya arasında bərabərhüquqlu strateji tərəfdaşlar kimi müttəfiqlik münasibətlərinin xarakterinə zidd” adlandırıb.

“Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin hansı cinayət məsuliyyətindən danışdığını biz də anlaya bilmirik, çünki Ukraynanın Qazaxıstandakı səfiri Vyana Konvensiyasına görə diplomatik toxunulmazlığa malikdir”. – deyən Smadiyarov Vrublevskinin tezliklə ölkəni tərk edəcəyini və onun yerinə yeni səfir təyin olunacağını da bildirib.

Xatırladaq ki, bu ilin avqustunda Ukraynanın Qazaxıstandakı səfiri Pyotr Vrublevski bloger Dias Kuzairova verdiyi müsahibəsində Ukraynadakı müharibəni şərh edərkən rusların qətlindən danışıb. Xüsusilə, o, aşağıdakıları ifadə etdi: “Biz mümkün qədər çoxunu öldürməyə çalışırıq. İndi rusları nə qədər çox öldürsək, uşaqlarımız bir o qədər az öldürməli olacaq”.

Qeyd edək ki, bu arada Qazaxıstan Xarici İşlər Nazirliyi Ukrayna səfirininin bu sözlərinə etiraz etmişdi.

Ağasəf Babayev