5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

5 Oktyabr 2022 17:49 (UTC+04:00)

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Şəhər sakini Aytən Seyfullayeva: “Bu gün çox müqəddəs bir gündür. Çünki müəllimlər bizim üçün çox önəmlidir. Onlar bizə yazı yazmağı, oxumağı öyrədiblər. Əgər, biz bu gün hər hansı bir nəticəyə nail olmuşuqsa, bu, onların sayəsində olub”.

Şəhər sakini Elnur Ağazadə: “Müəllimlər bizim üçün müqəddəs varlıqlardır. Biz onların əməyinin qarşılığını heç vaxt ödəyə bilmərik. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub”.

Şəhər sakini Nurcan Aslanzadə: “Müəllim həır bir insanın həyatında mühüm yerlərdən birini tutur. İnsan necə ki, anasını, atasını, doğulduğu yeri seçə bilmirsə, müəllimini də eyni şəkildə seçə bilmir. Bir insan üçün müəllim ailə qədər, Vətən qədər əzizdir. Çünki hər bir uşağın formalaşmasında valideynin böyük rolu olduğu kimi müəllimin də böyük rolu var”.

Şəhər sakini Qadir Kərimli: “Biz bu həyatda öyrəndiyimiz bir çox şeyi müəllimlərimizı borcluyuq. Bizə ilk qələm tutmağı müəllimimiz öyrədib. Bu baxəmdan əlbəttə ki, onların əməyi danılmazdır”.

Şəhər sakini Vəfa Salmanova: “Müəllim çox dəyərli varlıqdır. Onların bizim həyatımızdakı rolu çox böyükdür. Çünki onlar bizə qələm tutmağı, yazmağı, oxumağı öyrədiblər. Bu baxımdan onların rolu danılmazdır. Biz onlara borcluyuq. Üzərimdə bütün əziyyəti olan müəllimlərimin bayramını təbrik edirəm”.

Şəhər sakini Orxan Hacıyev: “5 oktyabr – Müəllimlər günü münasibətilə bütün müəllimləri təbrik edirəm. Onların bizim həyatımızdakı rolu danılmazdır. Bu günə qədər öyrəndiklərimi müəllimlərimə borcluyam”.

Arzu Qurbanlı