Milli Kitabxana öz tədbirlərinə start verib - FOTOLAR

5 Oktyabr 2022 16:22 (UTC+04:00)

Bakı şəhərində oktyabrın 5-dən 9-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi öz fəaliyyətinə başlayıb. SİA xəbər verir ki, sərgini Baş nazirin müavini Əli Əhmədov açaraq bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Vurğulayıb ki, “Kitab insanın bilik, vərdişlər qazanmasında böyük yer tutur. İnsan nailiyyətlərinin hamısını kitabla əlaqələndirirlər. Kitabsız insan cəmiyyətinin inkişafını təsəvvür etmək olmaz. İndi kitab elektron aləmdə yaşamaq üçün rəqabət aparır. Azərbaycan dövləti, cəmiyyəti elmə böyük hörmətlə yanaşır. Bu gün Azərbaycan Respublikasının kitab çapı dövlətin diqqət mərkəzindədir”.

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. O, vurğulayıb ki, sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

Nazir çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik edib, sərgi iştirakçılarına uğurlar arzulayıb.

Açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və digərləri çıxış ediblər.

Sərgi zamanı Milli Kitabxananın təşkil etdiyi “Şuşa tarixi sənədlərdə (Milli Kitabxananın fondundan)” və “Xurşidbanu Natəvan – 190” mövzusunda nadir kitabların təqdimatı ilə sərginin açılışı və “Biz səni dirçəldəcəyik, Əziz Şuşa!” adlı Elektron Məlumat bazasının təqdimatı keçirilib.

Təqdimat mərasimində Mədəniyyət naziri cənab Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva, Hacı Nuran, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər yerli və xarici qonaqlar iştirak ediblər.

Direktor Kərim Tahirov Milli Kitabxana stendində yaradılmış “Şuşa tarixi mənbələrdə”, “Şuşa nadir kitablar kolleksiyasından”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”, “Milli Kitabxananın Qızıl fondundan” və “Xurşidbanu Natəvan – 190” bölmələrindəki kitablarla tanış edib. Sonra o, Milli Kitabxananın əməkdaşları tərəfindən “Biz səni dirçəldəcəyik, Əziz Şuşa!” adlı Elektron məlumat bazasını təqdim edib.

Qeyd edilib ki, Elektron məlumat bazası “Rəsmi sənədlər”; “Prezident İlham Əliyev: “Əziz Şuşa, Sən azadsan!”; “Görkəmli şəxsiyyətlər Şuşa haqqında”; “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi”; “Tarixi”; “Tarixi abidələr”; “İnzibati quruluşu”; “Görkəmli şəxsiyyətləri”; “Nəşrlər”; “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Tədbirin davamında Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Şuşa tarixi mənbələrdə” adlı biblioqrafiya kitabının təqdimatıda keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, bu il cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Şuşa ili” adlandırılıb. Həmin sərəncamı əsas tutaraq Milli Kitabxana olaraq Şuşanın tarixinə həsr olunan biblioqrafiya hazırladıq. Direktor vurğulayıb ki, Milli Kitabxana olaraq bu artıq bizim Şuşaya həsr olunan ikinci biblioqrafiyamızdır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycan Milli Kitabxanası ölkənin baş kitabxanası olaraq öz funksiyasını ləyaqətlə yerinə yetirir. O, vurğulayıb ki, bu gün təqdimatı olan biblioqrafiya kitabı Qarabağın, onun tacı olan Şuşa şəhərinin tarixinin öyrənilməsində tədqiqatçılar üçün bələdçi rolunu oynayacaq. O, çıxışı zamanı bildirib ki, Ədəbiyyat İnstitutu olaraq Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına qoşularaq 1000 nüsxəyə yaxın kitab bağışlamışıq.

Tədbirlərdə Azərbaycan Milli Kitabxanasının dəvəti ilə gələn Albaniya, Latviya, Rusiya, Qırğızıstan kitabxanalarının əməkdaşları öz ölkələrinə dair ekspozisiya ilə təmsil olunublar.

Sərgi çərçivəsində tədbirlər davam edir.