Quruculuq meydanına çevrilən Ağdam şəhəri TƏHLİL

5 Oktyabr 2022 16:15 (UTC+04:00)

27 ildən sonra günəş şüaları ilə nurlanmış, işıqlı, ağ ev Ağdam Azərbaycana qaytarıldı. Ağdam rayonunun işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin noyabrın 20-də xalqa etdiyi müraciətdə söylədiyi kimi, "Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir"."Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız", - deyən Cənab Prezident bildirib ki, biz tarix yazırıq, yeni tarix: "Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir".30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq keçmiş məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. Ağdam sakinləri yurd-yuvasına dönür. Qalib dövlətin qalib sakini kimi. Tarixdə çox az xalqlara nəsib olan bir məqamdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi.

Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamışlar. Uzun bir tarixə malik olan Ağdam Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq, məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Qarabağdan doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı, məhz Ağdam rayonuna pənah gətirib. 1993-cü ilin iyul ayının 23-də Ağdam işğal olunur. 27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır. 4 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri və burada yeni müəssisələrin təməlinin qoyulması tezliklə Ağdamın müasir bir məkana çevriləcəyindən və sakinlərinin əzəli torpaqlarına qayıdacağından xəbər verir. Səfər çərçivəsində dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla dörd hərəkət zolağından ibarətdir. Yolboyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb. Layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub. Sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər. Mərkəzin konsepsiyası "Reflect Architechts" şirkəti tərəfindən hazırlanıb. Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr, nəsilartırma laboratoriyaları, baytarlıq klinikası və digər zəruri obyektlər yaradılacaq. Mərkəzdə 60-80 otaqlı mehmanxana, muzey, kafe, restoran və tribunalar nəzərdə tutulub. İstər peşəkar, istərsə də həvəskar çaparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və Çövkən yarışları üçün meydança layihələndirilib.

PƏNAHƏLİ XANIN SARAYI İNTERAKTİV MUZEY KİMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK

Dövlətimizin başçısı və Birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də ermənilər tərəfindən dağıdılıb. Dövlət başçısının müvafiq tapşırığına əsasən, bu kompleksin bərpası işlərinə başlanılıb. Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi üçün ilkin konsepsiya layihəsi İtaliyanın "ArtCloud Network International s.c.r.l." şirkəti tərəfindən hazırlanıb. Kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək. XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi erməni vandallarını təcavüzünə məruz qalmışdır. Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli Sərəncamı ilə bu il Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunduğu nəzərə alınaraq yubiley ilində Mədəniyyət Nazirliyi tərəfindən həmin qəbirüstü abidənin bərpa olunması istiqamətində işlərə başlanılıb. Şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin üzərindəki ağ örtüyü götürüb, önünə gül dəstələri qoyublar. Bütün bu və digər görülən işlər Ağdamın öz əvvəlki görkəminə qayıtması ilə yanaşı, daha müasir bir şəhər olaraq qurulacağını ehtiva edir.

XIDIRLI VƏ KƏNGƏRLİ KƏNDLƏRİNİN TİKİNTİSİNƏ BAŞLANILIR

Xıdırlı kəndinin dövlət başçısı tərəfindən təməlinin qoyulması burada tezliklə yeni bir həyatın başlanacağından soraqdır. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.

Rayondan 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində də 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Prezident İlham Əliyev tərəfindən Kəngərli kəndinin təməli qoyuldu. Artıq bir neçə gündən sonra - oktyabrın 10-da hər iki kəndin tikinti işlərinə başlanılacaq. Kəndlərdə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Artıq öz əzəli torpaqlarımıza qayıtmışıq. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır və tezliklə Ağdam şəhəri də yenidən qurularaq, öz əzəli sakinlərini qoynuna alacaqdır.

Zümrüd BAYRAMOVA