"Hər zaman müəllimlərə yüksək qiymət verilib" - MİLLƏT VƏKİLİ DANIŞDI

5 Oktyabr 2022 15:52 (UTC+04:00)

“Müəllim peşəsi Azərbaycanda ən yüksək peşədir. Bu peşəyə cəmiyyətimizdə çox böyük hörmət var. Ulu Öndər Heydər Əliyev hər zaman müəllimlərə yüksək qiymət verib. Cənab Prezident İlham Əliyev, eyni zamanda ölkənin birinci xanımı Mehriban Əliyeva da müəllim peşəsinə ehtimadla yanaşdıqlarını bildiriblər”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, hər il müəllim günü ərəfəsində Azərbaycanın ən layiqli müəllimləri fəxri adlara və mükafatlara layiq görülürlər: “Bu onların əməyinə verilən ən yüksək qiymətdir. Azərbaycanda müəllim peşəsinin nüfuzunun artması üçün dövlət başçısı tərəfindən daima böyük işlər görülür. Yeni müasir məktəb binalarının tikilməsi, ucqar kəndlərdə yeni məktəblərin inşa olunması həmçinin müəllim peşəsinin nüfuzunun artması üçün dövlət əhəmiyyətli tədbirlər həyata keçirir. Müəllimlərin əməyinin artırılması dövlətimizin diqqətində olan məsələdir.

Attestasiya olunmuş müəllimlər öz əmək haqqından əlavə maaşlar alırlar və bu son hədd deyil. Bundan sonrada bizim büdcəmiz artıqca müəllimlərin əmək haqqlarının artığının şahidi olacağıq. Müəllim peşəsinə gənclər tərəfindən böyük maraq var. İldən-ilə pedaqoji universitetə qəbul olanların sayı artır və qəbul balları kifayət qədər yüksəkdir. Müəllim peşəsinə yüksək hörmət tariximizin, mədəni irsimizin qorunub-saxlanılması, bu günümüzün problemlərinin həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.