"Ukrayna dünya güclərinin köməyi ilə öz ərazi bütövlüyünü təmin edəcək" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

6 Oktyabr 2022 09:20 (UTC+04:00)

"Rusiya-Ukrayna müharibəsinin 225-ci günüdür. Bu müddət ərzində Rusiya tərəfdən 60 mindən artıq əsgər zabiti, Ukraynada isə 10 minlərlə dinc vətəndaş və əsgər zabiti həlak olub. Bu müharibə nə Ukraynaya, nə də Rusiyaya lazım deyildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Rusiya və onun siyasi rəhbərliyi Amerika və Qərbin toruna düşdü: "Ukrayna isə onlar üçün bir hərb meydanına çevrildi. Ona görə də bu gün həm Qərb, həm də Amerika Ukraynanı dəstəkləyir, ona həm silah, həm də digər yardımlar edirlər.

Artıq bilirsiniz ki, Lendliz qanunu qüvvəyə minib. Amerika Ukraynaya milyardlarla dollara yaxın vəsait ayırıb. Bunun da çoxu əsasən silah, raket, yerüstü qurğulara həsr olunub. Amerikanın verdiyi silahlar nəticəsində ukraynalılar Rusiyanın işğal etdiyi əraziləri azad etməyə başlayıb.

Sonuncu müharibənin şiddətlənməsinə səbəb Rusiyanın yeni işğalçılıq siyasətidir. Zelenski açıq şəkildə qeyd etdi ki, "Biz Putinlə heç vaxt sülh danışıqlarına başlamayacağıq".

Politoloq sözlərinə belə davam edib: "Zelenski sülhlə bağlı məsələlərə son qoyduğunu bəyan etdi. 4 vilayəti Rusiyaya ilhaq edilməsi kağız üzərindədir. Həmin vilayətlərin bir neçə kənd və şəhəri ukraynalılar tərəfindən azad olunub. Digər ərazilərdə də döyüşlər gedir və Ukrayna ordusu torpaqlarını azad edir.

Rusiya həm Ukrayna, həm də dünyanı atom nüvə silahı ilə təhdid edir. Çoxları deyir ki, bu, yalan məsələdir. Bəzi siyasətçilər isə Putinin buna da gedə biləcəyini söyləyirlər. Ona görə də müharibənin nə vaxt və hansı şəraitdə bitəcəyi ilə bağlı nə isə demək mümkün deyil.

Məncə, Ukrayna dünya güclərinin köməyi ilə öz ərazi bütövlüyünü təmin edəcək. Hətta onlar Kırımı da geri alacaqlarını bəyan edirlər. Əgər belə bir hal baş verərsə, Rusiyanın siyası və hərbi rəhbərliyi mütləq istefaya getməli, orada yeni bir hakimiyyət formalaşmalıdır.

Müharibənin tezliklə dayanması üçün əsas şərtlərdən biri Putinin hakimiyyətdən getməsidir. Bunu Rusiyada yaşayan əhali də başa düşür".

Ayşən Vəli