8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib - YENİLƏNİB - FOTOLAR

5 Oktyabr 2022 14:14 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “Şuşa İli”nə həsr edilmiş 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. SİA xəbər verir ki, sərginin əsas məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.

Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 118yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunub.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak ediblər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları, B2B görüşlər, azyaşlı oxucular üçün tədbirlər, dizayner, illüstrator və tərtibçilərlə müzakirələr təşkil ediləcək.

Builki sərgidə ilk dəfə olaraq, azyaşlı oxucular üçün spesifik formada “Uşaq dünyası” quraşdırılacaq və təchiz olunacaq. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulub.

Sərgi müddətində “Qarabağa kitabla gedək” aksiyası davam edəcək. Hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 212 nüsxə kitab toplanıb.

Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcək.

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyə Respublikasıdır. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcəkdir. Eyni zamanda Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak ediblər.

Təşkilat Komitəsi tərəfindən sərginin son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək.

Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.

Ayşən Vəli