Vaxtı keçmiş məhsulların satılması ilə bağlı hansı tədbirlər görülür? - DİQQƏT! - QURUMDAN RƏSMİ AÇIQLAMA

5 Oktyabr 2022 12:03 (UTC+04:00)

Çox vaxt məhəlləarası kiçik dükanlarda vaxtı keçmiş məhsulların satıldığının şahidi oluruq. Hətta bəzi insanlar bunu normal bir hadisə kimi qarşılayır. Bəs, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı hansı tədbirləri görür?

AQTA-dan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, AQTA qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir: "Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlər görülür.

İstehlakçılar satış şəbəkəsində istifadə müddəti bitmiş qida məhsulları və ya məhsulların keyfiyyəti ilə bağlı hər hansı uyğunsuzluq müəyyən etdikdə, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür".

Arzu Qurbanlı