Cəbrayıl –üçrəngli bayrağımızın ucaldıldığı ilk şəhər

5 Oktyabr 2022 11:22 (UTC+04:00)

Oktyabrın 4-ü Cəbrayıl rayonunun düşmən işğalından azad edilməsinin növbəti ildönümüdür. 44 Günlük Vətən müharibəsinin başladığı 8-ci gün, döyüşlərin qızğın şəkildə davam etdiyi bir vaxtda hər kəs cəbhədən növbəti xoş xəbəri – Cəbrayıl şəhərinin azad edildiyini öyrəndi. Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhər idi. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Qarabağın kəndlərinin sayına görə, azad edilən ən böyük rayonu adlandıra bilərik. Düşmən işğalı nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. Beləliklə, Cəbrayıl işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin də başlandığı ilk şəhər kimi yaddaşlarda qaldı.

Prezident İlham Əliyev Cəbrayıla həmin səfəri zamanı çıxışında qeyd etdi ki, oktyabrın 4-ü tariximizdə əbədi qalacaq, çünki həmin gün Cəbrayıl şəhəri işğalçılardan azad edilib və bu qələbənin çox böyük mənası var: "Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim ordumuza əlavə güc verdi, inam verdi. Bu qələbədən sonra bizim şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir - Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi".

Hazırda Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri yüksək templə davam etdirilir. Ölkə başçısının göstərişi ilə “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb. Həmçinin, Cəbrayıla gələn vətəndaşlar da rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Hazırda Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayılın elektrik enerjisi ilə təminatı SOCAR və BP şirkətləri birgə həyata keçirdikləri layihə əsasında aparılacaq. Belə ki, azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını məhz bu şirkətlər müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.

30 ilə yaxın işğal altında qalan Cəbrayıl rayonunu da ermənilər bu illər ərzində barbarcasına dağıdıb, digər bölgələrimizdəki kimi, evləri, məscidləri, bütün infrastrukturu məhv ediblər. Buna görə, qarşımızda ciddi vəzifələr durur. Qələbəni qorumaq onu əldə etmək qədər çətindir. Biz əminik ki, bu uğurlara mütləq nail olacağıq və xalqımız hər zaman bu istiqamətdə səylərini davam etdirəcək.

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini