“Cəbrayıl çiçəklənir, inkişaf edir” AÇIQLAMA

5 Oktyabr 2022 11:20 (UTC+04:00)

“Müstəqil Azərbaycan tarix boyu çox çətin, şərəfli anlar yaşayıb. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazılıb. Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazandılan hər qələbə, işğal altında qalan torpaqlarımızın azad edilməsi 30 ildə yorulmadan möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyən Azərbaycan xalqının qüruruna çevrildi”.Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsinin 8-ci günü, oktyabrın 4-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində bildirdi: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi.

Düşmənin işğal etdiyi digər ərazilər kimi, tarixi, mədəniyyət və memarlıq, qəbirüstü abidələrlə zəngin olan Cəbrayıl şəhəri, eləcə də rayonun kəndləri dağıdılıb, tarixin izini itirmək məqsədilə mədəni, tarixi, dini abidələr, hətta qəbiristanlıqlar viran qoyulub, vandalizm aktları, ekoloji terror həyata keçirilmişdi, daşı daş üstündə qalmamışdı.

Düşmən çox istəsə də tarixi dəyişə bilmədi. Mədəni, dini abidələri, qəbirstanlıqları təbiəti məhv etməklə tarixi dəyişmək mümkün deyil. O torpaqlarda əcdadlarımızın, ata-babalarımızın izləri var. Tarix göstərdi ki, gerçəyi, həqiqəti illər keçsə də dəyişdirmək olmaz.

Qələbəyə inamı hər gün daha da artan Azərbaycan xalqı birlik olub, Prezident cənab İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi. Ölkə Başçısının mükəmməl diplomatik bacarıqlarına, məqsədyönlü siyasətinə olan inam xalqımızın birliyini hər gün daha da gücləndirirdi. Bütün qələbələrin əsasında isə Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti, xalq-dövlət-ordu birliyi dayanırdı.

İyirmi yeddi illik həsrətdən sonra Azərbaycan Ordusunun şücaətinin nəticəsində Cəbrayılın erməni terrorçularından təmizlənməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı. Prezident cənab İlham Əliyevin Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən dərhal sonra Cəbrayıl şəhərinə səfər etdi, Xudafərin körpüsündə üçrəngli bayrağımızı əbədi dalğalandırdı.

Bu gün işğaldan azad edilən ərazilərdə həyat yenidən canlanır. İllərdir əsl sahibinə həsrət qalan torpaqlartımız, şəhər, kənd və qəsəbələrimiz dünya ictimaiyyətinin gözləri qarşısında çiçəklənir, inkişaf edir, dirçəlir.