Zəfər yolunun başlanğıcı

5 Oktyabr 2022 11:10 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. İşğaldan azad olunan ilk ərazilərə - Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı elə həmin gün göstəriş verdi. Bununla da Zəfər yolunun başlanğıcı qoyuldu. Qeyd edək ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə, Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən işlər sürətlə davam etdirildi. Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edərək, görülən işlərlə yerində tanış olur və təməlqoyma mərasimlərində iştirak edirdi.

Qeyd edək ki, torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində ilk döyüşlərin getdiyi, düşmənin qurduğu istehkam və mövqelərin güclü olduğu ərazilərdən idi Cəbrayıl. 2016-cı il Aprel döyüşlərini unutmayan düşmən burada daha yaxşı möhkəmlənmişdi. Cəbrayılın azad olunması uğrunda da canından belə keçməyə hazır olan oğullar az deyildi. Zəfərdən sonra Vətən müharibəsi ilə əlaqədar təsis edilən orden və medallar sırasında "Cəbrayılın azad olunmasına görə" medalı da xüsusi yer tuturdu. Dövlət başçısı tərəfindən bu yolda canı, qanı bahasına döyüşərək şəhadətə yüksələnlər, həmçinin qazilərimiz də mükafatlandırıldı.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 24-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən 12523 hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Qeyd edək ki, iki il öncə sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yenidən təxribatlara başladı və Azərbaycan Ordusu bu təxribatların qarşısını qətiyyətlə alaraq, öz qələbəsini təmin etdi. İşğaldan azad olunan ilk ərazilər arasında Cəbrayıl şəhəri və rayonun kəndləri də var idi. Cənab Prezident Azərbaycan xalqına bu barədə xoş müjdə verdi. Həmin günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Qeyd edək ki, ermənilər 30 ilə yaxın müddətdə işğalda saxladıqları bu əraziləri vəhşicəsinə dağıdıblar. Əminliklə qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilər qısa müddətdə bərpa ediləcək. İşğaldan azad olunan torpaqlarımızda artıq böyük quruculuq işlərinə başlanılıb. Cəbrayılda bir sıra yeni müəssisələrin - məktəb, xəstəxana, sənaye parkının əsası qoyulub. Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan öz məqsədlərinə doğru irəliləyir.
İftixar hissi ilə qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də sərkərdə kimi öz məharətini göstərdi. Çünki bütün qərarları Ali Baş Komandan verirdi. Bütün istiqamətlər təhlil edilərək verilən doğru qərarların Azərbaycan Ordusu tərəfindən praktiki yerinə yetirilməsi onu göstərir ki, Ali Baş Komandan müharibəni məharətlə idarə edərək bizi qələbəyə gətirib çıxardı. Hər şey mərkəzdən idarə olunur, əgər mərkəzdən yanlış qərarlar verilərdisə, qələbəni belə qısa zamanda qazana bilməzdik. Düzgün təhlillər, komanda mərkəzində qəbul olunmuş doğru qərarlar orduya üstünlüyü həmişə saxlayaraq düşməni qovmağa, darmadağın etməyə imkan verdi. Ordunun müasir silahlarla təchiz olunması da burada böyük rol oynadı. Ona görə ki, müasir silahlar hələ yaxın təmasda olmadan düşmənin bütün istiqamətlərdə texnika və hədəflərini darmadağın edərək, şəxsi heyət arasında itkilərin minimuma endirilməsinə kömək etdi.

Təəssüf hissi ilə qeyd etməliyik ki, işğal zamanı məhv edilən, daşı daş üstündə qalmayan ərazilərimizdən biri də Cəbrayıl idi. Ermənilər hər şeyi vəhşicəsinə məhv etmiş, dağıtmışdılar, bununla ürəkləri soyumamış, təbiətə də ağır ziyan vurmaqdan çəkinməmişdilər. İşğaldan azad olunmuş hər bir rayonda ekoloji terrorun izləri aydın görünməkdədir. Meşələr qırılıb, çayların suyu çirkləndirilib, hətta əraziləri boşaldanda belə meşələrə od vurmaqdan çəkinməyiblər.

Ən əsası, nə qədər istəsələr də, tarixi silə bilməyiblər. Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın qədim torpaqlarıdır. Bu gerçəyi heç nə dəyişdirə bilməz. Abidələri, dağı, daşı, təbiəti məhv edərək hər şeyi silmək istəsələr də, o ərazilərdə bizim əcdadlarımızın izi var. Bu izlər isə silinməzdir, Zəfər izimiz kimi...

Anar Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya təşkilatının sədr müavini