AZAL-ın Səmərqəndə ilk reysi eniş edib

5 Oktyabr 2022 02:07 (UTC+04:00)

“Azərbaycan Hava Yolları”nın (AZAL) Bakıdan yola düşən ilk reysi Səmərqənd hava limanına eniş edib. SİA-nın verdiyi xəbərə görə, milli aviadaşıyıcının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.

Mərasimdə iştirak edən Səmərqənd vilayəti rəhbərinin müavini Rüstəm Kabilov Səmərqənd reysinin ilk sərnişinləri salamlayaraq bildirib ki, bu reysin açılması Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin genişləndirilməsi, turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi, turist sayının artırılması məqsədi daşıyır. O əlavə edib ki, iki şəhər arasında reyslər həftədə iki dəfə həyata keçiriləcək.

Mərasim zamanı, Səmərqənd vilayətində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Adilağa Mirzəyev diqqətə çatdırıb ki, bu reysin açılmasını səbirsizliklə gözlənilirdi, çünki Səmərqənddə 5 mindən çox azərbaycanlı yaşayır. Bu reysin açılması turizmin inkişafı ilə yanaşı, tələbələrin gediş-gəlişini də asanlaşdıracaq.

"FlyKhiva" qrupunun baş direktoru Dilşod Xacayev vurğulayıb ki, təmsil etdiyim təşkilat AZAL-ın Özbəkistanda əsas tərəfdaşıdır: "Əminəm ki, iki şəhər arasında aviareysin açılması hər iki tərəfə öz töhfəsini verəcək. Ümid edirəm ki, növbəti reyslər Urgenç, Namanqan şəhərlərinə olacaq və ölkələrimiz arasında əlaqələr daha möhkəmlənəcək".

Tədbir zamanı AZAL-ın mətbuat katibi Nərmin Xəlilova qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında ortaq mədəniyyət, din və adət ənənələri mövcuddur.

"Əlbəttə ki, bu gün Özbəkistanın mirvarisi və dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə ilk reysin açılmasının mühüm əhəmiyyəti var. AZAL, həmçinin Daşkəndə də uçuşlar həyata keçirilir", - Nərmin Xəlilova qeyd edib

O əlavə etdi ki, sentyabrın sonundan etibarən “Azərbaycan Hava Yolları”nın Bakıdan Özbəkistanın paytaxtı Daşkənddə uçuşlarının tezliyi də həftədə 5 dəfəyədək artırılıb.