ABŞ-ın göndərdiyi təklifdə bəzi dəyişikliklər edilməsini istədik - LİVAN

5 Oktyabr 2022 02:11 (UTC+04:00)

Livan, oktyabrın 2-də İsraillə mübahisəli dəniz sərhədi məsələsində vasitəçi mövqedə olan ABŞ-ın yazılı təklifinə "bəzi dəyişikliklər tələb edildiyini" bildirərək cavab verdiyini açıqlayıb. SİA xəbər verir ki,

Parlament sədrinin müavini İlyas Əbu Saab ABŞ-ın İsraillə dəniz sərhədinin çəkilməsi ilə bağlı Livana göndərdiyi yazılı təkliflə bağlı açıqlamalar verib və cavab gözləyir. Əbu Saab ABŞ-ın təklifinə Livanın bəzi dəyişikliklər tələb etdiyi siyahılarla cavab verildiyini və hələ yekun razılaşmanın əldə olunmadığını bildirib. İsrailin iddialarının əksinə olaraq Livanın Kana Qaz Sahəsindən Təl-Əvivə heç bir pay ödəməyəcəyini vurğulayan Əbu Saab bu prinsipin razılaşmanın əsasını təşkil etdiyini və İsrailin Kənada heç bir haqqı olmadığını bildirib.

Qeyd edək ki, İsrail və Livan arasında təxminən 860 kvadrat kilometrlik dəniz mübahisəsi var. Hər iki ölkə bu regionun kontinental şelfinə iddialıdır. İsrail, Livan hökumətinin lisenziyalaşdırma prosesinə başladığı beş blokdan üçünün İsrail kontinental şelfinin sərhəd bölgəsində olduğunu iddia edir. Livan tərəfi isə mübahisəli ərazinin 2290 kvadrat kilometr olduğunu iddia edir. İsrail və Livan 2020-ci ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının himayəsi və ABŞ-ın vasitəçiliyi ilə dəniz sərhədi mübahisəsini həll etmək üçün dolayı danışıqlara başlayıb.