“Toyota” Rusiyadan Qazaxıstana daşınır?

4 Oktyabr 2022 21:46 (UTC+04:00)

Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev bildirib ki, respublikanın avtomobil istehsalçıları Qazaxıstanda “Toyota” avtomobil yığımı zavodunun açılması ilə bağlı danışıqlar aparır.

SİA “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Uskenbayev “Toyota” zavodunun Rusiyada bağlanmasından sonra Qazaxıstana mümkün transferi ilə bağlı sualı cavablandırarkən danışıb.

Nazir qeyd edib ki, “Toyota” ölkədə ən populyar brendlərdən biridir. Onun sözlərinə görə, biznes dövlət qurumları ilə bu məsələləri müzakirə etməyəcək, çünki “bunlar sırf texniki məsələlərdir: nə qədər və kimin pul yatırması, hansı səlahiyyətlərdir”.

“Onlar danışıqlar aparırlar ki, bu, nəticə verəcək, ya yox, bilmirəm. Amma “Toyota” açılsa, düşünürəm ki, bu, ölkəmizin ən güclü uğurlarından biri olacaq”, - deyə nazir bildirib.

Xatırladq ki, sentyabr ayında “Toyota” Rusiyada istehsalını dayandırıb. Belə ki, Sankt-Peterburq yaxınlığındakı Şuşarıda on beş il işləyən zavod bağlandı.

Qeyd edək ki, zavod Ukraynada hərbi əməliyyatlar başlayandan sonra maddi-texniki çətinliklər üzündən işləmirdi.

Onu da xatırladaq ki, 2007-ci ildən Rusiyada fəaliyyət göstərən şirkətdə 2350 nəfər işləyirdi.

Ağasəf Babayev