Himalay 10 alpinist tələbənin həyatına son qoyub

4 Oktyabr 2022 19:10 (UTC+04:00)

Himalay dağlarının Hindistan hissəsində baş verən qar uçqunu nəticəsində 10 alpinist tələbə ölüb, 11 tələbə isə itkin düşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Uttarakhand əyalətinin polis rəisi Aşok Kumar dövlət sərhədləri daxilində yerləşən Qarhval Himalay dağlarında 29 alpinistin olduğu zirvədə qar uçqunu baş verdiyini açıqlayıb.

8 alpinistin xilas edilərək müalicə altına alındığını bildirən Kumar, axtarış-xilasetmə işlərinin davam etdiyi məlumatını paylaşıb.

"Press Truth India" saytı 10 alpinistin öldüyünü, 11 alpinistin isə itkin düşdüyünü açıqlayıb.

Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının rəsmisi Amit Kovdhary deyib: "Hindistan alpinizmi tarixində ilk dəfədir ki, bu qədər böyük qrup alpinist kursantları uçqun altında ölür".

Uttarakhand əyalətininBaş naziri Puşkar Singh Dhami, Milli Fəlakətlərə Cavab Qüvvələrinin və Hindistan ordusunun xilasetmə işlərinə kömək etmək üçün qruplar yerləşdirdiyini söyləyib.

Uttarakhandın dağlıq bölgələrində qar uçqunları tez-tez baş verir, halbuki keçən il Himalay dağlarında bir buzlağın qopması nəticəsində baş verən sürüşmə və daşqınlarda ən azı 200 nəfər ölüb.