1991-1993-cü illər hərc-mərçilik dövrü kimi xatırlanır ŞƏRH

4 Oktyabr 2022 18:04 (UTC+04:00)

Ermənilər tərəfindən 1988-ci ilin fevral ayının 13-dən açıq müstəviyə çıxarılmış Qarabağ probleminin zamanında xalqın dəstəyini təmin etməklə, qətiyyətli addımlar ataraq qarşısının alınmaması, geniş xalq etirazlarının başlanmasına səbəb oldu. O dövrkü hakimiyyət nümayəndələri sanki problemin mahiyyətini anlamır, Moskvanın buyruqqulu funksiyyasını yerinə yetirməklə hakimiyyətlərinin ömrünü uzadırdılar. Xalqın etirazlarından istifadə edərək qətiyyətli mövqe sərgiləmək əvəzinə, həqiqətləri xalqdan gizlədib, yalnız hakimiyyət görüntüsü yaratmaq vəziyyətdən çıxış yolu deyildi, əksinə bu əsil xəyanət idi. Özü də adi xəyanət deyil, millətin, vətənin taleyinə xəyanət idi. Hakimiyyət tərəfindən yürüdülən yalnış siyasət son nəticədə bir-birinin ardınca hakimiyyət dəyişikliyinə yol açdı, xalqın hakimiyyətə inam və etimadı itdi. Beləliklə respublikada xaos, hərc-mərçilik şəraiti yarandı.

Istər Vəzirov, istərsə də Mütəllibov dönəmində hakimiyyətdə olan qüvvələr xalqın dəstəyinə arxalanmadı, yalnız Moskvadan gələn göstərişləri icra etməklə, özlərinin hakimiyyət müddətlərini uzatmaqla məşğul oldular. Xalqın dəstəyini almayan hakimiyyətin ömrü uzun olmadığından Vəzirov, Mütəllibov və onların yerinə hakimiyyət çevrilişi yolu ilə gəlmiş AXC-Müsavat cütlüyü də cəmi bir il müddətində hakimiyyətdə qala bildilər. Dövlət idarəetmə sistemində təcrübəsi olmayan , əksəriyyəti keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin gizli əməkdaşlarından ibarət olan, xüsusi missiya yerinə yetirmək üçün hakimiyyətə gətirilən qaraguruh qısa müddətdə siyasi kimliklərini, əsil məqsədlərinin nədən ibarət olduğunu bəlli etdi. Bunların əsil məqsədi üzdə bəyan etdikləri demkratik idarəetmə sistemini qurmaq deyil, kənardan üzərlərinə qoyulmuş vəzifəni icra etmək, respublikanın iqtisadi imkanlarını sarsıtmaq, torpaqlarımızın ermənilər tərəfindən işğalına zəmin yaratmaq, formalaşmaqda olan Ordunun ayrı-ayrı şəxslərə tabe olan qanunsuz silahlı dəstələr səviyyəsinə düşürmək, xalqımızın müstəqil dövlətə sahib olmaq ümidlərini puça endirmək, rüşvəti və qanunsuzluqları leqallaşdırmaq, dövlətin keçmişdən qalmış ehtiyatlarını talamaq və rüşvət yolu ilə daha çox sərvətə sahib olmaq idi. AXC – Müsavat cütlüyünün fəaliyyətini təhlil edərkən aydın olur ki, bunların yaranışı belə siyasi məqsədlər üçün təşkil edilib. Əsil məqsəd xalqı təmsil edən, Moskva və dünyanın digər güc mərkəzlərinin Azərbaycana qarşı hazırladıqları məkirli siyasətə müqavimət göstərəcək siyasi fünksiyanı yerinə yetirmək deyil, əksinə həmin məkirli siyasətin daxildə icrasına şərait yaratmaq imiş.

Şükürlər olsun ki, Azərbaycan ziyalıları və müdrik xalqımız bunların kimliyini, əsil məqsədlərini vaxtında anladı və xalqımızın xilaskar oğlu, millətimizin son ümid yeri olan, o dövrdə Naxçıvan Ali Məclisinə rəhbərlik edən, Ulu Öndərimiz Heydər Əliyevə çoxsaylı müraciətlər ünvanlayaraq onun Bakıya gəlməsini və xalqımızı düçar edildiyi bəlalardan xilas edilməsini xahiş etdilər. Gəncədə başlanmış vətəndaş müharibəsinin genişlənərək Bakıya qədər gələcəyindən və onların talelərinin sual altında qalacağından ehtiyat edən o dövürkü iqtidar (əgər onlara iqtidar demək mümkündürsə), canlarının qorxusundan Heydər Əliyevə minnətçi düşdülər və Onu Bakıya dəvət etməli oldular. Dövlətinə və xalqına sonsuz məhəbbəti olan, xalqımız tərəfindən sevilən Ulu Öndər Heydər Əliyev xalqımızın və dövlət müstəqilliyimizin çətin durumda olduğunu nəzərə alaraq, özünün şəxsi həyatına risk edərək Bakıya döndü. İki dəfə bir-birinin ardınca Gəncəyə səfər etdi və vətəndaş müharibəsini yatıra bildi. AXC- Müsavat cütlüyü burada da xəyanətkar, pozucu əməllərindən əl çəkmədilər. Bir-birnin ardınca “vəzifəmi dondururam” deyərək kənara çəkiliblər. Beləliklə də Ulu Öndər Heydər Əliyevi meydanda tək buraxdılar ki, Heydər Əliyev təklənsin,ictimai sabitliyi təmin edə bilməsin, torpaqlarımızın ermənilər tərəfindən işğalı davam etsin və bununlada xalqın Ulu Öndər Heydər Əliyevə olan ümidləri sarsılsın və naçar qalan xalq, ay rus gəl bizi ermənilərin əlindən xilas et, deyə çağırış etsin. Bunun üçün AXC- Müsavat cütlüyü tərəfindən Ordu sıralarına yerləşdikləri xəyanətkarlara tapşırıqlar verildi ki, ərazilərin ermənilərə təhvil verilməsinə şərait yaratsınlar. Bu xəbis, xəyanətkar qrup bunu da etdilər və bir – birinin ardınca 5 rayonumuz işğal altına düşdü. Ancaq bunula nə Ulu Öndərimiz Heydər Əliyevi, nə də xalqımızın Ulu Öndər Heydər Əliyev ətrafında birliyini sarsıda bilmədilər. Əksinə xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında daha sıx birləşdi, mövcud imkanlar səfərbər edilərək erməni işğalçılarına ağır zərbələr vuraraq xeyli geri utuzduruldu və Ermənistan işğalı davam edə bilməyəcəyini anlayaraq atəşkəsə razılıq verdi. Problemlər bunlarla bitmirdi. Cənubda Əlikram Hümbətovun başçılığı altında qondarma “Talış Muğan Respublikası” elan edilmiş, şimalda Sadvalçılar baş qaldırmışdı. Ancaq bunların heç biri Ulu Öndər Heydər Əliyevin dəmir iradəsini sındıra bilmədi. O özünün qətiyyəti, dəmir iradəsi, müdrik zəkası, böyük dövlətçilik təcrübəsi və xalqımızın birliyi hesabına bütün problemləri dəff edə bildi. Dövlətimizin ərazi vahidliyi bərpa olundu. Beləliklə ardıcıl dövlət quruculuğu prosesinə başlanıldı və bu günkü müasir, müstəqil Azərbaycanın təməli qoyuldu. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Bu günkü müasir, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin yaradıcılığının şah əsəridir. Nə qədər Azərbaycan var Heydər Əliyev dövlətimizin tarixində əbədi qalacaq və qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Ulu Öndərimiz Heydər Əliyevin müqəddəs ruhu qarşısında baş əyir, Allahdan o böyük şəxsiyyətə rəhmət diləyirəm. Məkanı cənnət, məqamı uca olsun!..

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri