Ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi – Azərbaycan MÜƏLLİMİ TƏHLİL

4 Oktyabr 2022 15:44 (UTC+04:00)

Körpə könüllərdə məşəl yandıran, onu sabahın qurucusu və yaradıcısına çevirən müəllimdir. Bu cür bir peşənin sahibi olan insanın qəlbində yanan işığın şöləsi ətrafa yayıldıqca onun nurunun fövqündə bu dünya böyük bir insanlığa xidmət edir. Ali dəyərlərə, bəşəri dəyərlərə, sülhə, əmin-amanlığa, gözəl zəkaya, xeyirxahlığa, ədalətə, birliyə, ziyalılığa və şəxsiyyətə. Bir sözlə, arzuladığımız bir cəmiyyətə. Toxum kimi səpdikləri boy atdıqca Vətən nurlanır, inkişaf edir. Suvardığı torpaqdan boy verənlər Vətən sərhədinə bir çəpər olur. Belə bir müqəddəs peşə sahibinə ən gözəl fikirlərimizi ünvanlasaq, yenə də azdır. Xalq şairi Bəxtiyar Vahabzadənin dili ilə desək:
Şagirdin sayıdır dövlətin, varın
Bilməz bu qazancı, bilməz hər naşı.
Sinifdən sinifə adlayanların
Yaşında yaşayır müəllim yaşı.

Bəli, müəllim ustad, öyrədən, həyata vəsiqə verəndir. "Hələ yazılmamış, hələ qırışsız, hamar beyinləri cilalandıran" müəllimdir! Tez durub gec yatan, bu gün sabahımızı yaradan müəllim. Hikmət dolu bu ifadələrdə dünyanın bənzərsiz və əvəzsiz bir peşə sahibinin - müəllimin sanki fəlsəfi anlamı öz əksini tapıb. "Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm." Bu Azərbaycan müəlliminin təntənəli şəkildə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla içdiyi anddır. O and ki, gələcək illərində onu hər an məsuliyyətli olmağa, istənilən bir hərəkətinə cabavdeh olmağa səsləyir. Azərbaycana layiqli, vətənpərvər, savadlı gənclərin yetişməsində müəllimin payı müstəsnadır. Bu gün müəllim andı içən hər kəs müstəqil bir dövlətin tələblərinə cavab verən nəsil yetişdirir və onları cəmiyyətə layiqli vətəndaş kimi yetirir. Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan, qazi olan, ümumilikdə iştirakçı olan hər kəs on bir il parta arxasında müəllimlərdən dərs almış, Azərbaycan tarixini öyrənmişdilər. Hər il bir sinifdən o biri sinfə adlayan şagirdlər 20 Yanvar facəsini, Xocalı soyqırımını, Birinci Qarabağ savaşını dərindən öyrənərək nə vaxtsa torpaqlarımızın işğaldan azad olunmasında iştirakçı olacaqlarına əmin idilər. Əli silahlı səngərdə düşmənə dərs verəcəkdilər. Gün gəldi, zaman yetişdi… Müəllimlərindən aldığı vətənpərvərlik dərsini döyüş meydanında göstərdilər. Bəli, bu gün biz belə müəllimlərimizlə fəxr edirik. Vətən eşqi ilə yanan və yaşayan. Bu eşqi yüzlərlə, minlərlə şagirdlərinə əxz edən müəllimlər. Adınız şərəflidir. İlk dərs gününü "Qarabağ Azərbaycandır!" mövzusu ilə başlayan Azərbaycan müəllimi üçün bundan böyük qürurverici nə ola bilər? Bu gün yetişən məktəblilər şəxsiyyət olaraq formalaşır. Düşmənə dərs verən Azərbaycan ordusunun sıralarında döyüşkən ruhlu, vətəni qorumaq qüdrətində olan biləcək gənci kimi. Zəfər tarixin yaşayan məktəbli bu tariximizdən gələcək nəsillərə söz açanlardan olacaqlar. Ona görə də onlara parta arxasında ikən böyük, ali sevgi ilə yoğrulmuş şəhiidlərimizi keçdiyi yol, qəhrəmanlıq səhifələrinin əsas məqamları aşılanır. öyrənilir.
Məktəbi hər şeydən üstün millətin
Hər yerdə, hər işdə zəfəri-haqdır.

Bu gün 5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı - Beynəlxalq Müəllimlər Günüdür. Belə bir gündə bu fikirlərlə başlamaq əlbəttə ki, vacibdir. Artıq müəllimlərimiz ikinci ildir ki, Qalib ölkənin müəllimi kimi müəllimlər günü qeyd edir. Xatırladaq ki, Vətən müharibəsi başlayanda Vətən, deyib cəbhəyə yol düşən müəllimlərimiz də az olmadı. Bu gün müəllimlər günündə onların adını vurğulamaq, əlbəttə ki. borcumuzdur. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olan müəllimlərimiz Vüqar Vəliyev, Famil Əhmədzadə, Rəşad Məmmədov, Elvin İmaməliyev, Etiram Hüseynli, Qoşqar Ömərov, Vidadi İsrafilov, Elxan Rzayev, Xalid Nəciyev, Elgün Quliyev, Tural Rəhimov, Rəvan Lətifov, Əvdil Quliyev, Rabil İsmayılov, Emil Qurbanov və Kənan Müzəffərli. Bu adlar əbədi olaraq tariximizə yazılıb. Vaxtilə parta arxasında dərs alan bu müəllimlər zaman yetişir ki, milli ruhlu, gələcəyin vətənpərvər ruhlu övladlarını yetişdirir və tale elə gətirir ki, cəbhədə döyüşçü kimi bir meydanda vuruşurlar. Bu gün həmin oğullardan bir haqqında söz açmağı özümüzə borc bilirik. Şuşadan keçən döyüş yolu Rəvan Lətifovun taleyinə yazılır. Adı şəhidlik zirvəsinə yüksələn vətən oğlu. Vətən müharibəsi başlayanda Sincan kənd tam orta məktəbində təşkilatçı-müavin vəzifəsində çalışıb. Sentyabrın 29-da Vətən müharibəsində iştirak etmək üçün çağırış vərəqəsi alıb və məktəbi döyüş meydanı ilə əvəzləyib. Döyüş meydanda da öz sözünü deyib. Onun döyüş yolu Şuşaya qədər gedib çıxıb. Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Şəhadət xəbərini ailəsi noyabrın 16-da alıb və o, Xaçmaz kəndindəki "Şəhidlər Xiyabanı"nda dəfn edilib.
Müəllimlər Günündə qürurla müəllimlərdən söz açırıq. O müəllimlərdən ki, həm müəllim kimi vətənə layiq övladlar yetişdirib, həm də zamanı yetişəndə silaha sarılıb. Vətəndaş müəllim! Qarşınızda baş əyirik!!!
Məktəbi hər şeydən üstün millətin
Hər yerdə, hər işdə zəfəri-haqdır.

"HƏR BİRİMİZDƏ MÜƏLLİMİN HƏRARƏTLİ QƏLBİNİN BİR ZƏRRƏCİYİ VAR"

Bu gün 5 oktyabr tarixinin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu bayramın beynəlxalq səviyyədə keçirilməsi, həqiqətən də, böyük sevginin bəşəri təcəssümünü özündə ehtiva edir. Ağıl və elm kimi dünyaya məxsus olan açarın milyonlarla insanlara əxzində, məhz müəllim qüdrəti, müəllim əməyi əvəzsiz və sonsuzdur. Odur ki, bəşəriyyət formalaşdığı bir zamandan müəllimə olan münasibət fərqli məcrada özünü göstərə bilmişdir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir. Bu cür məfhumları özündə cəmləşdirən peşə sahibinin peşə bayramının respublika səviyyəsində qeyd olunması ona olan qiymətin bir ölçüsüdür. Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan elə müəllimdir. Bu baxımdan, müəllimlik peşəsi heç bir peşə ilə müqayisəyə gəlməyən bir nümunədir. Dünyanın ən müdrik simaları, liderləri, böyük şəxsiyyətləri, beynəlxalq aləmin hegemon qüvvələri bu ad qarşısında adiləşir, öyrənməyə və nəyisə əxz etməyə çalışırlar. "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram" - deyən Ümummilli Lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.

BİR MÜƏLLİMİN GÜCÜ BİR ORDUYA BƏRABƏRDİR

Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Dünyanın dərk edilməsi elmdə olduğundan, müəllimə bütün zamanlarda ehtiyac duyulur. Həyatı, yazıb-yaratmağı öyrədən müəlliminə mənən borclu olduğunu dərk edərək, onun vücudu qarşısında səcdə edir. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər. Hər fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü, zəhməti və illəri hesabına başa gəlir. Cəmiyyətə savadlı, elmi bilikli gənclər ordusunu yetişdirən müəllim onu şəxsiyyət və vətəndaş olaraq cəmiyyətə hazırlayır. Elm və savadla bahəm, bu dəyərlərin aşılanması əsas şərt olduğundan, hər bir müəllim ünsiyyətdə olduğu şagirdlərinə bu keyfiyyətləri aşılamaq üçün öz peşəkarlığını ortaya qoyur. Müəllim pedaqoq və psixoloqdur. Müəllim özünü tərbiyə edib, özündə kamil insani sifətləri aşılayıbsa, demək, müəllim adı ona yaraşır. Özünə aşıladığı bu sifətləri mütləq cəmiyyətə də aşılayacaq. Belə bir cəmiyyətdə missiya daşıyıcısı olan müəllimə yetirilən diqqət də yetərincədir.
Bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, demək, dövlətin güclü silahı olan elmi inkişafdadır. Ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu sahənin daha da inkişafına yönəlmişdir. İyirmi birinci yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycan da təhsilini dünya səviyyəsində qurur. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.
Dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir.
Azərbaycanda təhsilə verilən qiymət və diqqət, artıq təhsilin keyfiyyətcə yeniləşməsinə gətirib çıxarıb. Gələcəyin inkişafı onun təhsilindən başlayır. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir". Dünyada mövcud olan ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq edilir. Buna görə də, məsuliyyət hissi ilə cəmiyyətə layiqli vətəndaşlar yetişdirilməlidir. Müəllim hər bir yeniliyi izləyərək, onu tətbiq etməlidir. Müəllim savadı və dünyagörüşü ilə böyük bir nəsli tərbiyə edir. Bütün dünyada gedən prosesləri izləyir və ölkəmiz üçün vacib olan məsələləri şagirdlərə çatdırır. Bu günün məktəblisi, gələcəyin əsgəri və vətəndaşıdır. Bu prizmadan çıxış edərək, yüksək bilikli şagird yetişdirməklə, müəllim cəmiyyətə sağlam ruhlu vətəndaş hazırlamalıdır. Təməli məktəb partaları arxasında qoyulan şagirdlər, məhz bu gün müəllimin böyük zəhməti sayəsində inkişaf edir. Xalqımızın milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla çəkilir.
Müəllimlər gününüz mübarək, əziz müəllimlər!

Nəzakət ƏLƏDDİNQIZI