"Bu sərəncam çox gözəl bir ənənədir" - TƏHSİL EKSPERTİ BİLDİRDİ

4 Oktyabr 2022 14:37 (UTC+04:00)

“Cənab Prezidentin hər zaman olduğu kimi yenə də ənənəvi sərəncamını verdi. Bu sərəncamda qeyd olunub ki, 2022-2023-cü il tədris ilində ali təhsil müəssisələrinə yüksək nəticələrlə qəbul olumüş tələbələr Prezident mükafatı ilə təltif olunacaq”. Bu fikirləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib.

İ. Orucov qeyd edib ki, bu, çox gözəl bir ənənədir: “Hər il yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş gənclər cənab Prezidentin bu sərəncamı ilə mükafata layiq görülürlər. Prezident mükafatının məbləği kifayət qədər yaxşıdır, həmçinin bu addımın mənəvi tərəfi var. Çünki ölkənin Prezidentinin imzası ilə gənclərin əməyinə qiymət verilir və onların naliyyətləri dəyərləndirilir. Həmçinin bu addım onların tələbə olaraq başladıqları yeni mərhələdə əlavə stimul verəcək. Çünki Prezident təqaüdü almaq və bu şərəfə nail olmaq böyük bir fədakarlıq tələb edir. Digər tərəfdən, həmin tələbələrin üzərinə böyük bir məsuliyyət qoyulur. Mən əminəm ki, tələbələrimiz necə ki, yüksək nəticələr ilə ali təhsil müəssisələrində tələbə adını qazanıblar eləcə də, başladıqları yeni mərhələdə başqa naliyyətlər əldə edəcəklər. Hesab edirəm ki, Prezident tərəfindən verilən bu humanist bir dəyərdir. Təbii ki, bu dövlət tərəfindən gəncə verilən diqqət və qayğının göstəricisidir. Mən fürsətdən istifadə edib Prezident təqaüdünə layiq görülən istedadlı gənclərimizi təbrik edirəm. Onlara gələcək həyatlarında uğurlar arzu edirəm”.