Azərbaycan zirvələri fəth edir

4 Oktyabr 2022 12:55 (UTC+04:00)

Azərbaycan xalqı müstəqilliyimizin bərpasının ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaratdı. Çünki düşünülmüş və məqsədyönlü siyasət daim ölkəyə böyük uğurlar qazandırır, əsl söz sahibinə çevirir, müstəqil addım atmasını şərtləndirir. Məhz bunun nəticəsidir ki, yaxın günlərdə müstəqilliyinin yenidən bərpasının 31 illiyini qeyd edəcək ölkəmiz bu müddət ərzində 100 ilə bərabər inkişaf yolu keçdiyini qazandığı biri-birindən əhəmiyyətli uğurları ilə təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin əsas çağırışlarından biri budur ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələləri təhlil edilməlidir.

Müstəqilliyimizin bərpasının ilk illərinin çoxəsrlik tariximizə qara səhifə kimi yazıldığını böyük inamla qeyd edə bilərik. Bu illərdə ölkəyə rəhbərlik edənlərin sərişəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdur. Bu illər şəxsi ambisiyalarının quluna çevrilənlərin xəyanətləri ilə dolu olan bir dövr idi. Torpaqlarımızın işğal olunması həmin dövrün iqtidarının xəyanətinin nəticəsi idi. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərində, eyni zamanda, 30-a yaxın xarici mətbuata müsahibələrində bu məqamı xüsusi qeyd edirdi. O illərdə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən qeyd etdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verdi, xilaskarlıq missiyasını yerinə yetirmək üçün hakimiyyətə qayıtdı, yeni Azərbaycan qurdu, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi qorudu və möhkəmləndirdi. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində də mühüm addımlar məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atıldı. Müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salsaq o illərdə mövcud olan gərgin vəziyyət gənclərin ordu sıralarından da yayınmalarına səbəb olmuşdur. Fərarilik geniş vüsət almışdır. Amma 1993-cü ildən sonrakı vəziyyət tamamilə başqa bir mənzərəni nümayiş etdirdi. Belə ki, ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Cilahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndi, döyüş ruhu artdı. Azərbaycan gəncləri özlərinə diqqət və qayğı fonunda hərbi xidmətə də böyük əhval-ruhiyyə ilə gedir, torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçməyə hazır olduqlarını bildirirdilər.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyasının gəlməsi təbii ki, səbəbsiz deyil. Ümummilli Lider “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı. O da məlimdur ki, ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəyini müstəqil görərək bu istiqamətdə mühüm addımlar atdı. Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün C.Naxçıvanski adına hərbi liseyin yaradılması atılan addımların əsas tərkib hissəsidir. Dahi şəxsiyyət bu çağırışı da edirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə daxili sabitliyi təmin edən ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafı üçün möhkəm baza yaratdı.

Bu gün Heydər Əliyevin şah əsəri olan Azərbaycan uğurla inkişaf edir, yeni hədəfləri müəyyənləşdirməklə gələcəyə inamla baxır. Bugünkü və gələcək nəsil Ulu Öndərin, XX əsrin böyük ictimai və siyasi xadiminin həyatını yaxşı öyrənməli, ideyalarını mənimsəməli və təbliğ etməlidir. Məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq 2003-cü ildən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir. Son 19 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində həyatımızın bütün sferalarında ciddi yeniliklər və uğurlar qazanılıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü sayəsində qazandığımız tarixi Zəfər və onun yaratdığı reallıqlar fonunda qalib Azərbaycan zirvələri fəth edir.

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri