Rusiyalı ekspert: Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmalıdır, təxribatlar heç bir nəticə verməyəcək - ŞƏRH

4 Oktyabr 2022 12:15 (UTC+04:00)

İqor Korotçenko: Ermənilər Xocalıda necə soyqırım törətdiklərini, qadınların, uşaqların, qocaların gözlərini çıxardıqlarını, əylənmək üçün hamilə qadınların qarnını yardıqlarını və digər vəhşiliklərini unutmasınlar

Ötən həftəsonu sosial şəbəkələrin erməni seqmenti Azərbaycan əsgərlərinin sentyabr eskalasiyası zamanı saxlanılan erməni hərbi əsirləri güllələdiyi iddia edilən videonu aktiv şəkildə təkrarlayıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin hərbi prokurorluğunun videogörüntülərin həqiqiliyinin müəyyən edilməsi məqsədilə hərtərəfli araşdırmalara başladığını bəyan edib və qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan tərəfdən fərqli olaraq öz beynəlxalq öhdəliklərinə hər zaman ciddi yanaşır.

Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanı işğalçı kimi təmsil edən Ermənistanı ikiüzlülükdə ittiham edərək, Ermənistan tərəfinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan hərbi qulluqçularına, eləcə də mülki əhaliyə qarşı misli görünməmiş qırğınlar törətdiyini xatırladıb.

Bundan başqa, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan dinc Azərbaycan şəhərlərini atəşə tutub ki, bu da bəşəriyyətə qarşı cinayətdir. Və daha bir məsələ- Azərbaycan ərazilərini həm minalayıb, həm də minalamaqda davam edir, bunun nəticəsində insanlar ölür. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi belə qənaətə gəlib ki, Ermənistan hakimiyyəti hərbi cinayətlərin törədilməsinin qarşısının alınması, habelə günahkarların məsuliyyətə cəlb edilməsi üçün heç bir iş görmür.

Bazar günü iki ölkənin XİN rəhbərləri arasında Cenevrədə keçirilən danışıqlarda Ermənistan XİN-də deyildiyi kimi qalmaqallı videonun mövzusu da gündəmə gəlib.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da vəziyyətə reaksiya verərək, videogörüntüləri ona göndərilən Azərbaycan hərbçilərinə qarşı törədilmiş cinayətlərin araşdırılmasına çağırıb. Klaar qeyd edib ki, münaqişə hər iki tərəfdə dərin yaralar buraxıb, ona görə də onların sağalmasına məsuliyyətlə yanaşmaq lazımdır.

Bu açıqlama Ermənistan rəsmiləri arasında hiddət dalğasına səbəb olub. Belə ki, xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan zərərçəkmişlə təcavüzkar arasında bərabər işarənin qoyulmasının yolverilməz olduğunu bildirib.

Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatı da Ermənistanı Azərbaycan ordusunun həlak olan əsgərlərinin cəsədlərini təhqir etməkdə ittiham edib və beynəlxalq təşkilatları hərbi cinayətlərə görə məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb.

O da qeyd olunur ki, Azərbaycan tərəfində girovların amansızlıqla qətlə yetirilməsi və işgəncələrə məruz qalması ilə bağlı video-sübutlar var və onlar araşdırılır.

Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində vəziyyəti şərh edib. Ekspertin şərhini oxucularımıza təqdim edirik.

- Ermənistan bu mövzunu belə şiddətlə dövriyyəyə buraxaraq, nədənsə Birinci Qarabağ müharibəsi zamanı öz işğalçı birləşmələrinin öz torpaqlarından, ev-eşiyindən, didərgin saldığı dinc azərbaycanlı əhalisindən amansızcasına, ölüm əzabları ilə qovulması faktlarını nəzərdən qaçırır. Xocalıda necə soyqırım törədiblər, vəhşilikdən qadınların, uşaqların, qocaların gözlərini çıxarıblar, əylənmək üçün hamilə qadınların qarnını yarıblar, ayaqyalın insanlar qarda necə qaçıblar. Bunlar əsl qəddar, tamamilə qeyri-insani cəza hərəkətləri idi. Ermənistan Azərbaycan ərazilərini işğal edib, orada və azərbaycanlılara qarşı qanunsuzluqlar törədib. Bəs təcavüzkar kimdir və qurban kimdir?

Azərbaycan beynəlxalq hüquqa hörmət edən məsuliyyətli dövlət kimi hər zaman etdiyi vəziyyəti diqqətlə öyrənəcək və hər hansı sübut olarsa, günahkarları cəzalandıracaq. Ermənistan heç vaxt eyni şeyi etməyib. Əksinə, Qarabağ münaqişəsi zamanı hətta bu vəhşilikləri edə biləcəkləri ilə bağlı ilə öyünürdülər.

Müharibə müharibədir və həmişə qəddardır. Amma məsuliyyətli və məsuliyyətsiz dövlətləri fərqləndirən budur- onların məsuliyyəti tanıması və ya tanımaması.

Ermənistanın bu kimi bəzi məqamlardan birtərəfli qaydada kənarda qalması təsadüfi deyil, məqsədyönlü informasiya kampaniyasıdır ki, xarici oyunçulardan istifadə edərək Azərbaycana təzyiq göstərməyə, köhnə məqsədlərini reallaşdırmağa - Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsini əldə saxlamağa, Qarabağdakı separatçı rejimi saxlağama çalışır. Ermənistanın niyə bu epizodu siyasi alət kimi təbliğ etdiyi aydındır. Həqiqətən də sülh istəsəydi, “danışmadan” dünyaya gedərdi.

Nəzərə alın ki, bu videodan əvvəl Ermənistanın müharibədən əvvəl olduğu kimi Azərbaycanı “təcavüz”də ittiham etmək, onun “təcavüzkar” olduğunu göstərmək cəhdləri intensivləşib.

Ermənistan Azərbaycan ərazilərini işğal edib və Qarabağın qalan hissəsini qaytarmaq istəmir. İrəvan vaxtı geri qaytarmağa çalışır. Və dəfələrlə törətdiyi “əlverişsiz” vəhşilikləri “unudur”, onlara hüquqi qiymət verməkdən imtina edir. Ermənistan yenidən özünü qurban kimi göstərməyə çalışır, məqsəd Azərbaycanla sülh müqaviləsinin imzalanmasını pozmaq və bunun üçün beynəlxalq ictimaiyyətin köməyindən istifadə etməkdir. Normal dövlət sülh istərdi, bütün məsələlər də həll olardı.

Bu yaxınlarda ATƏT və Fransa ilə beynəlxalq missiyanın Ermənistan və Azərbaycan sərhədinə göndərilməsi potensialını müzakirə ediblər. Ancaq belə bir missiya tamamilə qanunsuzdur. Belə ki, Azərbaycanla Ermənistan arasında sərhəd yoxdur, təmas xətti var. Sərhəd delimitasiya və sonradan demarkasiya prosesi həyata keçirildikdən sonra yaranacaq. Ermənistan tərəfinin günahı ucbatından bu proses hələ də başlamayıb. Rusiya Xarici İşlər Nazirliyindən tutmuş KTMT-yə qədər hamı delimitasiyanın zəruriliyinə diqqət yetirir. Azərbaycanla Ermənistan arasında sərhəd olmadığı bir şəraitdə açıq-aşkar ermənipərəst mövqeyi ilə tanınan bəzi Fransa nümayəndələrinin “sərhəddə” nə isə izləyəcəyini təsəvvür etmək gülüncdür. Bu, daha çox fransızların hərbi-texniki “turizmi” kimi görünərdi. Və Ermənistanın birtərəfli siyasi fəaliyyəti kimi.

Əslində, deyə bilərik ki, Ermənistan tərəfi Fransa kontingentini canlı qalxan kimi yerləşdirmək, bunun altında İrəvanın təxribatlarını davam etdirmək istərdi. Azərbaycan tərəfi isə bu təxribatlara lazımi cavab verə bilməzdi. Əgər Makron bunu edəcək qədər axmaqdırsa, deməli, bayraq onun əlindədir. Fransa ictimaiyyətinin belə avantüralara dəstək verəcəyini düşünmürəm. Axı Cənubi Qafqaz bu gün Fransanın bir-birinin ardınca təpik aldığı, keçmiş müstəmləkələrdə təsirinin zəiflədiyi Afrika da deyil. Azərbaycanla heç bir hiylə işləməyəcək. Təbii ki, Rusiya da Zaqafqaziyada “beynəlxalq missiya”nın əleyhinə olacaq. Bunların hamısı İrəvanın işarələnmiş kartları olan eyni oyunlarıdır. Bütün hərəkətlər aydındır. Köhnə təxribat taktikası. Ermənistanın eyni vaxtda Rusiyadan tam uzaqlaşaraq Fransanın himayəsi altına girmək cəhdi.

Eyni zamanda biz Ermənistandan KTMT-yə qarşı çirkin tənqidləri görürük. Amma heç nəyə gətirib çıxarmayacaq. Ermənistan təcavüzkar işğalçı dövlətdir və beynəlxalq hüquq normalarına zidd olaraq 30 ilə yaxın Azərbaycan ərazilərinin bir hissəsini öz əlində saxlamış, talan etmiş, minalamış, Azərbaycan xalqının mədəni, dini, tarixi irsini məhv etmişdir.

Əgər Paşinyan düşünürsə ki, o, sülh prosesinə enerji verməkdə davam edə bilər, guya “hər şeydə Azərbaycan günahkardır” , o zaman bu, heç bir nəticə verməyəcək.

Mövcud reallığı bəzi uydurma fikirlərlə əvəz etmək mümkün deyil. Və reallıq budur ki, Ermənistan İkinci Qarabağ müharibəsini təhrik etdi, müharibə zamanı erməni ordusu məğlub oldu, Ermənistan təslim olmalı oldu. İndi Paşinyan nəyisə dəyişmək üçün nə qədər tələssə də, nəticə verməyəcək. Azərbaycanla münasibətlərin normallaşması, onun firavan gələcəyi üçün Ermənistan Moskva, Bakı və İrəvanın üçtərəfli bəyanatını bənd-bənd icra etməlidir. Amma o, bunu yerinə yetirmir, üstəlik, gecikmələr, təxribatlar təşkil edir. Bu birincisi.

İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiya nəhayət öz işinə başlamalıdır.

Üçüncüsü, Ermənistan silahlı təxribatlara son qoymalıdır. O zaman Azərbaycan reaksiya verməli olmayacaq. Əmr vermək və onun ciddi şəkildə yerinə yetirilməsini təmin etmək lazımdır ki, təmas xəttində döyüş mövqelərində xidmət edən erməni hərbçilər atəş açmasın, Azərbaycan mövqelərinin arxasına soxulma və minaatanlardan istifadə şəklində heç bir təxribat törətməməlidirlər. Və bu əməlləri davam etdirsələr, Azərbaycan istənilən təcavüzkar hücuma cavab verəcək. Özünü qurban kimi təqdim edən təcavüzkar həmişə təcavüzkar olaraq qalacaq.

Təəssüf ki, Ermənistanın təxribatlarının davam edəcəyinə inanıram. Paşinyan Azərbaycanın irəli sürdüyü şərtlərlə sülh müqaviləsi imzalamaq istəmir, o, yenə də Qarabağın “statusu” mövzusuna toxunmaq niyyətindədir. Ola bilsin ki, Ermənistanın baş naziri Azərbaycanla bütün sənədləri çoxdan imzalayardı, amma radikallar tərəfindən repressiyalardan qorxur...

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” çərçivəsində hazırlanıb.