8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək

4 Oktyabr 2022 11:13 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində "Şuşa İli”nə həsr edilmiş 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcəkdir. SİA xəbər verir ki, sərginin əsas məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.

Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaqdır.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları, B2B görüşlər, azyaşlı oxucular üçün tədbirlər, dizayner, illüstrator və tərtibçilərlə müzakirələr təşkil ediləcəkdir. Builki sərgidə ilk dəfə olaraq, azyaşlı oxucular üçün spesifik formada "Uşaq dünyası" quraşdırılacaq və təchiz olunacaq. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Sərgi müddətində "Qarabağa kitabla gedək" aksiyası davam edəcək. Hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 212 nüsxə kitab toplanıb.

Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin "fəxri yazarları" olacaqlar. 5 gün ərzində hər iki şairin İştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcəkdir.

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin "fəxri qonaq ölkəsi” Türkiyə Respublikasıdır. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcəkdir. Eyni zamanda Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.

Təşkilat Komitəsi tərəfindən sərginin son günü "Ən yaxşı nəşriyyat" və "Ən yaxşı kitab" nominasiyaları üzrə qaliblər seçiləcək.

Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan "Xatirə nişanı" ilə təltif olunacaq.

Ziyarətçilərin "Elmlər akademiyası", "28 may" və “Koroğlu" metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş gəlişi təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Ziyarətçilər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməklə buraxılış vərəqələrini əldə edə bilərlər. Sərgiyə giriş ödənişsizdir.

https://bakubookfair.az/en-register/